Logo

MDU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan birgə konfrans keçirilib - FOTOLAR

17.10.2022 17:52 392 baxış
IMG

Oktyabrın 17-də Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti (MDU) və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, MDU-nun evsahibliyi etdiyi konfransa Mingəçevirdə səfərdə olan LDU-nun rəhbər və akademik heyət üzvləri, şəhər icra hakimiyyətinin nümayəndələri, MDU-nun əməkdaşları, tələbə və magistrantları qatılıblar. Eyni zamanda, hər iki universiteti təmsil edən müəllim və tələbələrin konfransda onlayn formatda iştirakı təmin edilib.

Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan konfrans Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb. Konfransın açılışında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və LDU-nun rektoru Natiq İbrahimov çıxış ediblər.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Düz bir il əvvəl Lənkəranda LDU ilə birgə belə bir konfransın keçirildiyini xatırladan Ş.Bayramov tərəfdaşlarla təkrar bir araya gələrək əlamətdar tarixi günün birlikdə qeyd edilməsindən məmnunluğunu bildirib. Müsbət ənənəyə çevrilməkdə olan bu təşəbbüsü əməkdaşlığın inkişafı baxımından yüksək dəyərləndirən rektor konfransın təşkilində əməyi olanlara təşəkkür edib.

Ötən əsrin 90-cı illərində Sovet imperiyasının dağılması ilə dünyanın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edən rektor yaranan qeyri-müəyyən və ziddiyyətli tarixi şəraitdə Azərbaycanın bərpa edilən milli müstəqilliyinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dönməz xarakter aldığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilir və Azərbaycan yeni geosiyasi reallıqlar yaradan nüfuzlu beynəlxalq aktora, qalib və qüdrətli dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər müstəqillik tariximizin ən şanlı səhifələrindəndir. Bu gün ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın vətəndaşı olmaqdan hər birimizin sonsuz fəxarət hissi keçirdiyini bildirən Ş.Bayramov ölkənin davamlı inkişafına töhfə baxımından ali təhsil müəssisələrinin rolundan bəhs edib və konfransın işinə uğurlar arzulayıb.

Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Şəhər İcra Hakimiyyətinin başçısı İ.İsmayılov davamlı müasirləşən və yeniləşən iki region universiteti ilə birlikdə Mingəçevirdə keçirilən konfransda iştirakdan məmnunluğunu bildirib. Tədbirin elmi-nəzəri konfrans formatında birgə təşkilinin önəmini diqqətə çatdıran İ.İsmayılov müstəqillik tariximizin araşdırılması və tarixi həqiqətlərin gənc nəsillərə olduğu kimi çatdırılıması işlərini ali təhsil müəssisələri qarşısında duran başlıca vəzifərərdən biri kimi dəyərləndirib.

Ölkə başçısının müvafiq Sərəncamı ilə mayın 28-nin Müstəqillik Günü və oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edildiyini bildirən şəhər icra başçısı tarixi günlərin daha dəqiq ifadə olunması baxımından bu dəyişikliyin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yetmiş il sovet imperiyasının tərkibində olan Azərbaycanın 1991-ci ilin oktyabrın 18-də ikinci dəfə milli azadlığına qovuşmasından danışan İ.İsmayılov qeyd edib ki, həmin dövrdə hökm sürən müharibə şəraiti, xaos, anarxiya və separatizm meyilləri ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaya bildi və onu əbədi etdi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində apardığı nəhəng, düşünülmüş, ardıcıl və sistemli quruculuq işlərindən bəhs edən İ.İsmayılov hazırda Azərbaycanın müstəqillik tarixinin ən güclü və qüdrətli dövrünü yaşadığını bildirib.

Mingəçevirdə və tərəfdaş MDU-nun kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən LDU-nun rektoru N.İbrahimov bayram münasibətilə konfrans iştirakçılarını təbrik edib. Tarixi Zəfərin qazanılmasında və müstəqilliyimizin gücləndirilməsində vətənpərvər və qəhrəman gənclərin rolundan danışan N.İbrahimov tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin universitetlərin əsas missiyalarından biri olduğunu vurğulayıb və bu baxımdan elmi-nəzəri konfransın xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Müharibədən sonra Azərbaycanın daha sürətli və yeni inkişaf yoluna qədəm qoyduğunu deyən rektor hazırda müasir müstəqillik tariximizin şanlı səhifələrinin yazılmaqda davam etdiyini bildirib. Qeyd edib ki, bu gün işğaldan azad edilmiş doğma torpaqlarımızda böyük quruculuq və abadlıq işləri həyata keçirilməkdədir. Bütün bunlar gənc nəsil, eləcə də onları müasir dövrün tələblərinə uyğun yetişdirməyə çalışan ali təhsil müəssisələri qarşısında yeni çağırışlar və vəzifələr qoyur. Bu baxımdan hər iki tərəfdaş universitet arasında birgə fəaliyyətlərin davamlı olmasının zəruriliyini diqqətə çatdıran N.İbrahimov konfrans iştirakçılarına uğurlar arzulayıb.

Birgə konfransda MDU-nun akademik heyət üzvlərindən dosent Nizami Zeynalov “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi zəruriliyi və əhəmiyyəti”, dosent Esmira Cəfərova “Müstəqilliyimiz bu gün: reallıqlar və perspektivlər” və Şuşanın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş Azərbaycan Bayrağı ordenli I kurs tələbəsi Elnur Salahov “Şuşanın işğaldan azad edilməsi Vətən Müharibəsinin salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər tarixidir” mövzusunda çıxış ediblər. LDU-nun əməkdaşlarından isə professor Telman İmanov “Xalqın rifahına həsr edilmiş həyat: iqtisadi siyasət müstəvisində”, dosent Gülbəniz Əliyeva “Müstəqillik zirvəsi – dinamik iqtisadi inkişaf fonunda müasir qüdrətli Azərbaycan reallığı” və dosent Zaur Məmmədov “Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq” mövzusunda məruzə ediblər.

Məruzələr ətrafında müzakirələr keçirilib və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin də tərəfdaşlıq etdiyi birgə konfrans 2021-ci ilin 15 oktyabr tarixində MDU və LDU arasında Əməkdaşlıq Memorandumunun imzalanması ilə əsası qoyulan işbirliyi çərçivəsində təşkil olunub. Yerli və xarici tərəfdaşlarla birgə fəaliyyətləri diqqət mərkəzində saxlayan MDU-da tarixi günlərə həsr olunan ortaq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

Xəbər lenti