İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2023”də iştirakını təsdiqləyib.
Şirkətin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev bununla bağlı APA-nın sualına cavabında bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq.
Beləliklə, Azərbaycan qarşıdan gələn Avroviziya Mahnı Müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.
Qeyd edək ki, İctimai TV Avroviziya Mahnı Müsabiqəsini Avropa Yayım Birliyinə üzv qəbul edildiyi 2007-ci ildən bəri hər il yayımlayır. Azərbaycan 2008-ci ildə ilk dəfə qitə miqyaslı müsabiqəyə qatılıb, 2011-ci ildə isə müsabiqənin qalibi olub. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoyub və yarışmanı "Odlar Yurdu"na gətirib.
Sonuncu dəfə - 2022-ci ildə Turində keçirilən Eurovision Mahnı Müsabiqəsində Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə Azərbaycanı təmsil edib.