Logo

Müasir İncəsənət Muzeyində “İkinci nəfəs” adlı sərginin açılışı keçirilib - FOTO

17.10.2022 23:30 341 baxış
IMG

Oktyabrın 14-də Müasir İncəsənət Muzeyində “İkinci nəfəs” adlı sərginin açılışı keçirilib.

Tehsil.biz xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, “Cultural Network House” İctimai Birliyi və Müasir İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə reallaşıb.

Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək sərginin əhəmiyyətindən, nümayiş olunan əsərlərin dövrümüz üçün əhəmiyyətindən bəhs edib. Bildirib ki, sərgidə təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna məxsusdur. Qalereyanın fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10 mindən artıq nadir sənət inciləri – rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət əsərləri qorunub saxlanılır: “Azərbaycan Dövlət Rəsm Qalereyası mədəniyyətimizin hamisi ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində yaradılıb və uzun illərdir ki, təsviri sənətimizin qorunmasına və təbliğinə xidmət edir. Qalereya 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında 1972-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Mədəniyyət Nazirliyi tərəfindən yaradılıb. Son illərdə fonda yüksək bədii keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri toplanıb.

Nazir həmçinin qeyd edib ki, “Cultural Network House” İctimai Birliyi öz fəaliyyətində incəsənətin bütün sahələrinə olduğu kimi, rəssamlıq sahəsinə də çox böyük önəm verir. Məhz bu səbəbdən, ictimai birliyin sədri Aynur Süleymanzadənin rəhbərliyi ilə 7 ay ərzində hazırlanan bu layihə çərçivəsində bu əsərlər bərpa edilib, 1960-90-cı illərə aid rəsm əsərlərinə “ikinci nəfəs” verilib.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində 41 rəssamın 72 əsəri seçilərək sərgiyə təqdim olunub. Rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Baba Əliyev, Xalidə Səfərova, Lətif Feyzullayev, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Oqtay Şıxəliyev, Hafiz Məmmədov, Mikayıl Abdullayev və digər görkəmli sənətkarların əsərləri yer alır.

Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətini, təsviri sənətinin inkişafı ilə bağlı imzaladığı çoxsaylı sərəncam və fərmanlardan danışan nazir bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı sayəsində bu gün ölkəmizin zəngin mədəni dəyərləri dünyada geniş təbliğ olunur. Hazırda sərginin təşkil olunduğu bu muzey də məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışında ötən əsrin 60-cı illərini Azərbaycan təsviri sənəti üçün bir intibah dövrü kimi xarakterizə edib. Həmin dövr rəssamlarının yaradıcılığı barədə danışan Xalq rəssamı dedi: “Onların yaratdığı əsərlər əbədiyaşardır. Bir vaxtlar adi qarşıladığımız, "Abşeron məktəbi" dediyimiz bu yaradıcılıq nümunələri hazırda dünyanın sərgi salonlarında dəyərli sənət nümunələri kimi qəbul olunur. Buna görə də “əsl sənət heç zaman ölmür” ifadəsi hazırda izlədiyimiz bu tablolarda bir daha özünü təsdiq edir”.

Fərhad Xəlilov çıxışının sonunda layihənin təşkilinə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirib.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Müasir İncəsənət Muzeyində “İkinci nəfəs” sərgisi noyabrın 6-dək davam edəcək.

Xəbər lenti