Logo

Mədəniyyət Nazirliyi: "Vətən müharibəsi haqqında çoxseriyalı bədii film çəkiləcək"

19.10.2022 11:44 350 baxış
IMG

Türkiyənin “Bozdağ Film” şirkəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə şərti adı “Qarabağ – Vətən müharibəsi” olan çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılacaq.

"Tehsil.biz"in xəbərinə görə, bu barədə oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində filmin çəkilişinə həsr olunmuş brifinqdə məlumat verilib.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov diqqətə çatdırıb ki, film 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük Zəfərə töhfə vermək məqsədilə çəkilir. Ekran işi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də yayımlanacaq: “Əsas yaradıcı heyəti azərbaycanlı kinematoqrafçılardan ibarət olacaq serialın istehsalının ilkin hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. Çəkilişlər Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində aparılacaq. Pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb. Aktyorlarla sınaq çəkilişləri də həyata keçirilib”.

Şöbə müdiri həmçinin qeyd edib ki, 8 seriyadan ibarət filmin hər seriyası 1 saat olacaq. Filmin hazırlıq mərhələsində məkan seçimləri və digər məsələlərdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və başqa qurumların da dəstəyi olub.

Rüfət Həsənov çəkilişlərin 2023-cü ilin mart ayında reallaşacağını bildirib: “Hər seriya üçün 212 min dollar vəsait nəzərdə tutulur. İsmayıl İman tərəfindən yazılan ssenari daha sonra ümumi ssenari qrupu – həm türk, həm də azərbaycanlı ssenaristlər tərəfindən təkmilləşdirilib”.

Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev deyib ki, filmin çəkilişləri ilə bağlı hazırlıqlar dəqiq və məsuliyyətli şəkildə aparılıb, hər bir detala diqqət yetirilib: “Gələcəkdə filmin beynəlxalq arenada yayımlanması işində “Bozdağ Film” şirkətinin də rolu olacaq. Hazırda şirkətin filmlərinin izləyici sayı ümumilikdə 6 milyard yarımdan çoxdur”.

“Bozdağ Film”in ölkəmizdə səfərdə olan nümayəndələri – baş direktor Bilgehan Özen və tanınmış aktyor Osman Albayrak bildiriblər ki, əməkdaşlar artıq üç aydır ki, Azərbaycanda hazırlıqlara cəlb ediliblər. Baş direktor əlavə edib ki, Qarabağ savaşı bütün Türk dünyası üçün önəmli Zəfər tarixidir: “Bu Qələbəni layiqincə bütün dünyaya çatdırmaq üçün biz Azərbaycanı şəhər-şəhər, qəsəbə-qəsəbə, məhəllə-məhəllə gəzərək hazırlıqlara başladıq. Məqsədimiz filmi beynəlxalq platformalarda nümayiş etdirməkdir. Layihənin hazırkı adı şərtidir. Tam adını hələlik açıqlamaq istəmirik. Qarabağda işğaldan azad edilmiş ərazilərdə də olduq. Çəkilişləri Qarabağda da aparmağı planlaşdırırıq. Aktyorlar hazırda Azərbaycan Ordusunda hərbi təlim keçirlər. Tezliklə onların adları açıqlanacaq”.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, “Bozdağ Film” şirkətinin istehsalı olan “Kuruluş Osman”, “Diriliş Ertuğrul”, “Aşkın yolculuğu. Yunus Emre”, “Mendirman Celaleddin”, “Destan” kimi uğurlu serial layihələri dünyanın 100-dən çox ölkəsində yayımlanaraq geniş tamaşaçı kütləsi toplayıb.

Xəbər lenti