Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Mənim kitabımı dostum oxusun!” adlı yeni layihəyə start verilir.
Tehsil.biz xəbər verir ki, layihənin əsas məqsədi məktəblilər arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, onların kitaba marağını daha da artırmaq, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdan ibarətdir.
Sözügedən layihə 22 oktyabr tarixdən 24 dekabr 2022-ci il tarixədək hər həftənin şənbə günləri olmaqla təşkil olunur.
Layihə boyunca şagirdlər evlərindəki kitablarını məktəbə təqdim edir və təqdim olunan digər kitablardan götürürək öz mütaliəsini genişləndirir. Həmçinin şagirdlər üçün günün xüsusi saatlarında ədəbi-bədii gecələr, Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, “dəyirmi masalar” təşkil edilir.
Sonda layihədə fərqlənən ümumi təhsil müəssisələri və şagirdləri Mərkəzi Aran Regional Təhsil İdarəsinin diplom və hədiyyələri ilə təltif olunacaq.