Bakı Dövlət Universitetində (BDU) Yasamal rayon İcra Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman İdarəsi və Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı, məşğulluq haqqında məlumatlılıq səviyyəsini və peşəkarlığı artırmaq məqsədi ilə “Düzgün peşə seçimi gələcək karyeranın təməlidir” mövzusunda təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ordudan tərxis olunmuş, işsiz və işaxtaran gənclər iştirak ediblər.
Çıxışlardan əvvəl Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə həsr olunmuş tanıtım çarxı nümayiş olunub, iştirakçılara sorğu-anket vərəqələri təqdim edilib.
Tədbirdə çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov “Gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət gənclər siyasətinin əsası kimi” mövzusunda məruzə ilə çıxış edib. İlham Səfərov bildirib ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi qarşıda duran başlıca vəzifələrdəndir. Gənclərin məşğulluğunun dəstəklənməsi məqsədilə aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi xüsusi önəm daşıyır.
Bakı Regional Məşğulluq filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban Əliyeva “Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və strategiya”, şöbənin aparıcı mütəxəssisi Rəvanə Bəylərzadə “Əmək yarmarkalarının təşkili, gənclərin peşə hazırlığına cəlb edilməsi və gənclərin özünüməşğulluq proqramı”, Dövlət Məşğulluq Agentliyinin Karyera planlaması şöbəsinin aparıcı mütəxəssisi Mikayıl Tağıyev “Peşə seçimi üçün vacib şərtlər, peşə seçiminə təsir edən amillər və bunun gələcək karyeraya təsiri” mövzularında çıxışlar ediblər.
Daha sonra mövzu ətrafında diskussiyalar aparılıb, iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.