Abşeronda baş verən dəhşətli qətllə bağlı bir sıra təfərrüat üzə çıxıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törədən Murad Həsənov və Həsrət Rəcəbova qohum olublar. Qətldən əvvəl oğlan yeniyetmə qızı döyüb.
Digər məlumata görə isə, H. Rəcəbova 14 yaşından M. Həsənov ilə nişanlanıb.
Daha bir məlumata görə isə qız nişanı geri qaytarıbmış. Məhz bu səbəbdən tərəflər arasında münaqişə yaranıb və oğlan qızı öldürüb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
13:55
Abşeronda nişanlısını öldürən saxlanılıb.
Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 20-si Abşeron rayonu ərazisində 16 yaşlı A.N. (ad şərtidir) öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 26 yaşlı Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
12:52
Bu gün səhər saatlarında Abşeron rayonu Hökməli qəsəbəsində qətlə yetirilən qızın kimliyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətlə yetirilən yeniyetmə qəsəbə sakini, 12 dekabr 2006-cı il təvəllüdlü H. Rəcəbovadır.
Hadisə qəsəbə məscidinin qarşısında baş verib.
Belə ki, gənc oğlan 16 yaşlı qıza hücum edərək bıçaqla onun boğaz nahiyəsinə ağır xəsarət yetirib.
H.Rəcəbova xəstəxanaya çatdırılsa da, vəfat edib.
Bildirilir ki, hadisəni törədən şəxs qaçsa da, onun kimliyi müəyyən edilib. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.
12:10
Azərbaycanda dəhşətli qətl törədilib.
Tehsil.biz Lent.az-a istinadən xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.