Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov cari ilin 10 avqust tarixində keçirilən səyyar qəbulda ona yaxınlaşaraq öz doğum gününə dəvət edən 7-ci sinif şagirdi Gəray Əhmədovu təbrik edib.
Tehsil.biz xəbr verir ki, Niyazi Bayramov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə birlikdə Gəray Əhmədovun yaşadığı ünvana gələrək onun ailəsi ilə görüşüb və məktəbli ilə söhbət aparıb.
Şəhər rəhbəri onun təhsili ilə maraqlanıb, idmanda olan uğurları ilə tanış olub. O, balaca Gəraya Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə və idmana olan xüsusi diqqət və qayğısından bəhs edib. Bu qayğıdan bəhrələnən Gəray kimi yeniyetmələrimizin daha da yaxşı təhsil almalarını və sağlam həyat tərzi keçirməklərini tövsiyə edib.
Daha sonra Niyazi Bayramov Gəray Əhmədovu ad günü münasibətilə təbrik edərək ona uzun ömür, cansağlığı, Vətənə, dövlətə layiqli övlad olmağı arzulayıb və hədiyyə təqdim edib.
Yeniyetmənin valideynləri öz növbəsində göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər.