18 və 20 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli gitara ifaçısı, beynəlxalq müsabiqələr laureatı Rövşən Məmmədquliyevin solo konserti və müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti keçirilib.
Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müasir dövrün virtuoz gitara ifaçılarından biri olan Rövşən Məmmədquliyev konsertdə Fikrət Əmirov, Firəngiz Əlizadə, Dionisio Aquado, Aqustin Barrios, Eytor Villa-Lobos, Nikita Koşkin, Fransisko Tarreqo kimi bəstəkarların əsərlərini böyük ustalıqla və qeyri-adi ifa tərzi ilə təqdim edərək dinləyicilərin xüsusi rəğbətini qazandı.
Klassik gitara ifaçılığı məktəbinin inkişaf etdirilməsi məqsədilə 19 oktyabr tarixində Rövşən Məmmədquliyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad-dərsi təşkil olundu. O, həvəskar və peşəkar gitara ifaçıları ilə öz bilik və bacarıqlarını paylaşamış, onları yeni üslub və yanaşma metodları ilə tanış etdi.
"Allegoria Sacra" (“Müqəddəs Allegoria”) adlı E.Mirzəyevin müəllif konsertində bəstəkarın yaradıcılığının 20 illik bir dövrünü (1995-2015) əhatə edən, fərqli janrlarda yazılmış kamera-instrumental və səhnə əsərləri yer alıb. Müəllif konserti dirijor Orxan Həşimovun rəhbərliyi ilə Cadenza orkestri və müxtəlif solistlər tərəfindən yüksək peşəkarlıqla təqdim olundu. Proqrama daxil edilən əsərlər Azərbaycan müasir bəstəkarlıq məktəbinin layiqli nümunələri sırasındakı mövcudluğunun təsdiqidir.
Xatırladaq ki, 26-27.10.2022-cil tarixlərində bəstəkar Elmir Mirzəyevin Bakıya səfəri çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mühazirələri təşkil olunacaq. Mühazirələr dövrün aktual məsələlərinə həsr olunub. 26 oktyabr tarixində Arseni Avraamovun (1886-1944) "Fitlərin simfoniyası"(1922) adlı əsəri haqda məlumat veriləcək. 27 oktyabr tarixində isə Meditasiya güzgüsündə "Avanqard" Sovet musiqisində yeni dövrün əlamətləri (1970-80-ci illər bəstəkarların yaradıcılığı) barədə maraqlı fikir mübadiləsi aparılacaq.