Oktyabrın 21-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin iştirakı ilə Novxanı qəsəbəsində yerləşən Şah Sultan Hüseyn məscidinin ətrafında təmizlik aksiyası həyata keçirilib.
Tehsil.biz xəbər verir ki, aksiyada Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və sözügedən qurumların əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində XVII əsrdə inşa olunan məscidin ətrafı məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işləri görülüb.
Qeyd edək ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn məscidinin yaxın zamanda bərpasına başlanılması planlaşıdırılır. Bunun üçün artıq hazırlıq işlərinə də başlanılıb.
Aksiya iştirakçıları daha sonra yenicə bərpa-konservasiya olunan XIX əsrdə inşa edilən hamama baxış keçiriblər. Tarixi abidənin turizm baxış obyekti kimi istifadə olunması planlaşdırılır.
Tarixi abidlərin qorunması, ətraf-mühitin mühafizəsi, yaşıllıq zonalarının təmizlənib genişləndirilməsi, ekoloji tarazlığın bərpası, eləcə də vətənaşlarımızın mədəni irs nümunələrinə diqqətinin daha da artırılması məqsədi daşıyan aksiyanın davamlı təşkil olunması nəzərdə tutulur.