Logo

Azərbaycan Milli Xalça Muzeyində “İki Yulius” sərgisi açılıb - FOTO

21.10.2022 20:12 495 baxış
IMG

Oktyabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində “İki Yulius” sərgisinin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Latviyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini, müvəqqəti işlər vəkili Viya Buşa, Gülbünü Bələdiyyəsi Tarix və İncvəsənət Muzeyinin direktoru Valda Darqais çıxış ediblər. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.  

Sərginin adı Gülbenedə anadan olan iki məşhur rəssamın - Yulius Maderniks və Yulius Straumenin yaradıcılığına həsr edilən və 2018-ci ildən etibarən hər il bu şəhərdə keçirilən festivalın adından götürülüb. Ötən əsrin birinci yarısında Latviya peşəkar tətbiqi sənətinin və dizaynının əsaslarını qoymuş bu məşhur sənətkarlardan Yulius Straumenin adı Azərbaycan xalçaçılığı ilə də bağlıdır. Qafqaz Kustar Komitəsində rəssamlıq şöbəsinin müdiri kimi onun tabeliyində bir çox yerdə, o cümlədən müasir Azərbaycan ərazisində emalatxanalar fəaliyyət göstərirdi. Straume Qafqazda mütəmadi olaraq etnoqrafik ekspedisiyalar aparır, əksəriyyətini xalça ornamentləri təşkil edən milli əl işi nümunələrinin saysız-hesabsız eskizlərini və fotoşəkillərini toplayırdı. Texniki tapşırıq kimi toxuculara paylamaq üçün eskizləri qrafik kağız üzərində çəkmək fikri ona aiddir.

Onun eskizləri, eləcə də Azərbaycan xalçalarının eskizləri xalçaçılıq tarixini özündə qoruyub saxlayan nadir, qiymətli irsdir. Sərgidə Yulius Straumenin Qafqaz və Şərq incəsənətinin, həmçinin art-deko üslubunun, milli romantizmin təsirini özündə əks etdirən eskizlərinin reproduksiyaları nümayiş olunur. Eskizlərin orijinalları Köhnə Druvyena Məktəb-Muzeyi (Latviya), Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi (Latviya), Latviya Milli İncəsənət Muzeyi (Latviya) və Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyində (Gürcüstan) qorunur.

Ekspozisiyanın əsas hissəsini Straume və Maderniksin eskizləri əsasında hazırlanmış müasir tekstil və çini əsərləri təşkil edir. Bunlar “Saxsa” Xalq Tətbiqi Sənəti Studiyasının (Latviya) üzvləri və onun direktoru Biruta Akmentina tərəfindən yaradılmış şərflər, dəsmallar, corablar və əlcəklər, rəssam İnes Brantsın (Latviya) naxışlarla bəzədiyi çini qablar, eləcə də Təbriz İslam İncəsənət Universitetinin professoru Kərim Mirzəyi və onun tələbələri tərəfindən yaradılmış xalça, balış və süfrələrdir.

Sərgi çərçivəsində Dekorativ İncəsənət və Dizayn Muzeyinin Latviya toxuculuq kolleksiyasının kuratoru Ruta Rinkanın Latviya tekstilinə dair mühazirəsi keçiriləcək, həmçinin Gülbene İncəsənət Məktəbinin və Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssislərinin xüsusi olaraq bu sərgi üçün hazırladığı uşaqlar üçün proqramlar yer alacaq.

Sərgi AMXM, Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Latviya Milli İncəsənət Muzeyi, Gülbene İncəsənət Məktəbi, Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Latviyanın Azərbaycandakı Səfirliyi, Latviya Dövlət Mədəniyyət Kapitalı Fondunun dəstəyi ilə keçirilir və 2023-cü il yanvarın 6-dək davam edəcək.

Xəbər lenti