Naxçıvan Dövlət Universitetində (NDU) I kursda təhsil alan tələbələr arasında basketbol üzrə seçmə yarışların açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, universitetin idman kompleksində təşkil olunan tədbirdə rektor Elbrus İsayev ali təhsil ocağında 16 idman növü üzrə keçirilən məşğələlərdən bəhs edib. Universitet məşqçilərinin və tələbələrinin muxtar respublikanı həm respublika, həm də beynəlxalq turnirlərdə müxtəlif idman növləri üzrə təmsil etdiklərini vurğulayıb. Qeyd edib ki, tələbələr universiteti Azərbaycanın ali təhsil müəssisələri arasında təşkil olunan basketbol yarışlarında, həmçinin Türkiyənin bir çox nüfuzlu universitetlərinin basketbol komandaları ilə baş tutan görüşlərdə layiqincə təmsil ediblər. Rektor ənənəvi olaraq keçirilən yarışların əhəmiyyətini vurğulayıb, komandalara uğurlar arzulayaraq, yarışı açıq elan edib.
NDU-nun Bədən tərbiyəsi kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov keçirilən yarışların məqsəd və vəzifələri haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırılıb ki, baş tutan yarışlar basketbol idman növünü təbliğ etmək, istedadlı tələbələri seçərək yığma komandanın tərkibinə salmaq, tələbələri basketbol məşqlərinə cəlb etmək və onların asudə vaxtlarının daha səmərəli təşkil olunması məqsədini daşıyır.
Məşqçilik ixtisası üzrə II kurs tələbəsi Fuad Əşrəfli və həmin ixtisas üzrə III kurs tələbəsi Fərid Rəsullu tələbələr üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sonra oyuna start verilib.
Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən, keçirilən qarşılaşmada ümumilikdə 8 komanda iştirak edib.
Oyunların sonunda Tibb fakültəsinin komandası İqtisadiyyat və idarəetmə fakültəsinin komandasına 34:13 hesabla qalib gələrək I yerin sahibi olub.
İqtisadiyyat və idarəetmə fakültəsi II yerə çıxıb. Memarlıq və mühəndislik fakültəsinin, həmçinin Pedaqoji fakültənin komandaları III yerdə qərarlaşıb.