Uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir.
Bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu, bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur. Dövrümüzdə daha çox rast gəlinən məişət zorakılığıdır. Bu da bir çox səbəblərdən qaynaqlanır. Lakın heç bir səbəb şiddətin göstərilməsinə, uşaqların hüquqlarına əngəl olmasına əsas gətirmir. Ümumiyyətlə, uşaq hüquqlarını pozan bütün hallar zorakılıq kimi qiymətləndirilir.
Biz bilirik ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına əsasən, uşağın yaşamaq, normal inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq, öz fikrini sərbəst ifadə etmək, təhsil almaq, bir çox istismar üsullarından müdafiə olunmaq hüququ vardır. Lakin uşaqların hüquqlarını pozan, bunlara diqqət etməyən, onların tərəqqisinə əngəl olan ailələr, müxtəlif cəmiyyət strukturları mövcuddur. Bu kimi halların qarşısının alınması, baş verməməsi üçün hansı işlər görülməlidir?
Mövzu ilə əlaqədar 258 nömrəli tam orta məktəbin və TM Uşaq İnkişaf Mərkəzinin psixoloqu Şəhla İbrahimova və Quba rayonu Hacıhüseynli kənd tam orta məktəbində xarici dil fənnini tədris edən Gülşən Paşayeva ilə söhbətləşdik və bir sıra məqamlara toxunduq:
Şəhla İbrahimova: “İstənilən zorakılıq uşaqda travmaya səbəb olur”
- Cəmiyyətdə zorakılığın bütün növlərinə qarşı mübarizə tədbirləri genişlənir, buna baxmayaraq təzyiqə məruz qalan uşaqların sayı artmaqdadır. Bunun kökləri nəyə söykənir?
- Düzgün qeyd etdiniz ki, hazırda zorakılığın və zorakılığa məruz qalan uşaqların sayı durmadan artır. Biz bilirik ki, zorakılığın fiziki, psixoloji və cinsi növləri ayırd edilir. Bunların əsas səbəbi ailə bağları ilə əlaqəlidir. İlkin olaraq, ailədə uşağın tərbiyə edilmə üsuluna, hansı mühitdə böyüdüyünə, ailənin tipinə baxmalıyıq. Əgər ailə avtoritar ailə tipinə daxildirsə, burada zorakılığa daha çox rast gəlinir, xüsusilə də psixoloji və fiziki zorakılığa. Valideyn uşağa sözlə təsir etməyə çalışır, eyni zamanda vulqar ifadələr işlədir, bu, artıq psixoloji təzyiqdir.
Amma məsələ bununla bitmir, uşağa vurma-döymə davranışları da sərgilənir. Bu da uşağın yoldaşları, əhatəsi ilə davranışında, münasibətində ciddi dəyişiklər yaradır. Belə hallara məktəbdə də rast gəlinir. Müşahidələr göstərir ki, hansısa bir uşağın yoldaşları tərəfindən təklənməsi, təcrid olunması ona fiziki, psixoloji təsir göstərir. Bu hal həmin uşağı sarsıdır, onda cəmiyyətdə təklənmiş hissi yaşadır və onun həyatında böyük bir boşluğa gətirib çıxarır. Çox zaman bu psixoloji problem artır və ən pis halda intihara gətirib çıxarır. Buna görə də, məktəb mühitinə də baxmaq lazımdır. Biz mütəmadi olaraq şagirdlərlə dialoqlar qurur, onların psixoloji durumlarını yoxlayır, qeydlər aparırıq. Müəyyən test tapşırıqları hazırlayıb uşaqlar üzərində tətbiq edirik. Hansısa şagirdin cavabları bizi narahat edəndə təklikdə söhbət edir`, lazım gələrsə valideyni ilə əlaqə yaradaraq bu halın qarşısının alınması üçün birgə səy göstəririk.
- Zorakılığa məruz qalan uşaqlarda hansı problemlər yaranır və onlarla hansı formada söhbətlər aparılmalıdır?
- Zorakılığa məruz qalan uşaqlarda bir sıra ciddi problemlər yaranır. Həmçinin, uşağın zorakılığa olan reaksiyası onun yaşından, inkişafından asılıdır. Zorakılıq uşağa bir başqa və dolayı təsir göstərə bilir. Bu, o deməkdir ki, bəzi problemlər hazırki zamanda görülməkdədir. Bəzilərinin fəsadları isə bir müddət sonra büruzə verir. Belə ki, uşaqlarda həm özünə, həm də başqalarına aqressiya yaranır, özgüvən yetərsizliyi formalaşır. Uşaq evdə fiziki şiddət görürsə, sinif yoldaşlarına da həmin münasibətdə olur, vurma-döymə davranışları sərgiləyir. Biz belə uşaqlarla söhbət apararkən görürük ki, ailədə bu kimi hallar baş verir və onun təqlidi, proyeksiyası olaraq həmin hərəkətlər məktəbdə də uşaq tərəfindən nümayiş olunur. Bundan başqa, davranış pozuntusu hallarına rast gəlmək olar ki, bu da birbaşa ailə ilə əlaqədardır. Eyni zamanda, məktəb yoldaşları tərəfindən aqressiv davranış olarsa, uşaqda gərginlik, özünütamamlama halları baş verir.
- Hansı yaş qruplarına məxsus uşaqlar şiddətə daha çox məruz qalır və cəmiyyətdə hansı istiqamətdə tədbirlər görülməlidir?
- Qeyd edim ki, istənilən zorakılıq uşaqda travmaya səbəb olur. Bu travmatik parçalarla uşaq həyatına davam etməli olur. Hansı ki bu uşağın gələcək həyatında mənfi təsirini göstərəcək. İstər kiçik məktəb, istər yeniyetməlik, istərsə də gənclik dövründə şəxsin travmatik parçalarla həyatına davam etməsi çox çətin olur.
Zorakılığa məruz qalan uşaqlarda dərslərində geriləmə, fokuslana bilməmə, ünsiyyət problemləri yaşanır. Qruplararası münasibətlərdə bu uşaqlarda öz potensial bacarıqlarını ortaya qoya bilməmə probleminə səbəb olur. Bu da gələcəkdə psixi cəhətdən qüsurlu gənclərin yetişməsinə gətirib çıxarır. Bu kimi halların baş verməməsi üçün hər bir fərd şəxsiyyət kimi yetişməli, öz mənliyi, şəxsiyyətini dərk etməli, öz hüquqlarını bilməli, azad fikir, azad düşüncə aşılamalıdır. Bilavasitə şiddətə məruz qalan uşağın ailəsinə baxmaq, onlarla ayrı-ayrılıqda söhbət etmək mütləqdir. Səbəblər araşdırılmalı, zorakılığı yaradan faktorları ortaya çıxarmaq, bu istiqamətdə tədbirlər görmək lazımdır. Zorakılığa məruz qalan uşaqların say nisbətində azalma müşahidə etmək məqsədilə cəmiyyətdə çoxlu işlərin görülməsi, mütəmadi psixoprofilaktik, maarifləndirici tədbirlərin həyata keçirilməsi müsbət nəticələrə gətirib çıxaracaq. Həm məktəbdə, həm də digər uşaq inkişaf mərkəzlərində maarifləndirici seminarların təşkil olunması, uşaqlarla, valideynlərlə söhbətlərin aparılması, videoçarxlar vasitəsilə zorakılığın müxtəlif formalarının sərgilənməsi maariflənmə yolunda atılan addımlardandır.
Gülşən Paşayeva: “Şagirdləri maarifləndirməyi özümə borc bilirəm”
- İlk olaraq onu qeyd edim ki, zorakılığın bütün formalarını tətbiq edən şəxslərin yaşadığı, böyüdüyü mühit, əksər hallarda bu hərəkətlərin normal, təbii olduğunu qəbul edən mühitlər olur. Hamımız beyni ağ kağıza bənzər formasında doğuluruq. Amma bəzilərimizi mühit gözəl, xoşniyyətli insan olaraq, bəzilərimizi isə mənfi niyyətli insan kimi yetişdirir. İstər uşaqlara, istərsə də böyüklərə qarşı şiddət göstərən insanlar mənfi mühitin qurbanları olurlar. Faciə də elə burdan başlayır. Dövrümüzdə baş verən hadisələr bir çox insanda aqressivlik yaradır, xüsusilə də valideynlərdə bu hal müşahidə olunur. Onlar övladlarına qarşı şiddət göstərməklə bu şəkildə həyatdan əvəz çıxdıqlarını hesab edirlər.
Cəmiyyətdə bu kimi münasibətlərin aradan qaldırılması, daha minimum səviyyəyə endirilməsi üçün valideynlərlə işləmək gərəklidir. Sağlam düşüncəli valideyn, sağlam təfəkkürlü övlad deməkdir. Sağlam ruhlu valideynlərin olması, vətənimizə, gələcəyimizə sağlam düşüncəli övladların yetişəcəyi ilə nəticələnir. Bunun üçün təhsil işləri, bu aspektdə fəaliyyət göstərən digər qurumların əməkdaşları zorakılığa qarşı mübarizəyə, şiddətin qadağan olunması istiqamətində yardımlarını əsgirgəməməlidirlər. Xüsusilə şiddətə meyilli olan valideynlərin maarifləndirilməsi, onların uşaqlarına şəxsi əmlak gözündə baxmamalarını təmin etmək baxımından əllərindən gələni etməlidirlər. Daha sağlam, özgüvənli, vətənpərvər uşaqların yetişdirilməsini təmin etmək hamımızın üzərində öhtəlikdir. Lazım gələrsə valideynlərin keçmişdə yaşadığı travmalarını aşkara çıxarmalı, bu travmatik haldan azad olması üçün onlara yardım etməliyik. Düşünürəm ki, heç bir valideyn uşağına şiddət göstərmək istəməz.
Bəziləri bu kimi davranışların doğru olduğunu zənn edir, bunu tərbiyə üsulu kimi qəbul edir. Odur ki, dövrümüzdə vərdiş halını almış düşüncənin yox olması üçün bir sıra tədbirlər görülür. İstər TV proqramlarında, istər internet platformasında, istərsə də dövlət qurumları tərəfindən bir sıra işlər, təbliğatlar aparılır və zamanla nəticə əldə edilir.
Uşaqların hüquqlarının qorunmasına dair valideynlərin tələblərində biz bunu görürük. Məktəblərdə də həmçinin bu istiqamətdə valideynlər, müəllimlər üçün iclaslar keçirilir. Bu kimi şiddət hallarının qarşısının alınması üçün yeni tədris sistemi artıq bir çox proqramlar tətbiq edir və müəllimlər də bu qaydaya uyğun səmərəli iş aparır. Yeni təhsil proqramımız uşaqlara sadəcə şagird olaraq deyil, onlara şəxsiyyət olaraq yanaşılmasını bizdən tələb edir. Şəxsiyyətyönümlü prinsipi tətbiq etməyi müəllimlərdən gözləyir. Bu, çox təqdirəlayiq bir addımdır.
Bir müəllim kimi, dərs keçdiyim müddətdə şagirdləri bu istiqamətdə maarifləndirməyi özümə borc bilirəm. Hər dərsdə ən azı bir neçə dəqiqə ayıraraq onlarla diskussiya aparır, onların ölkə, millət, ailə, insani dəyərlərinə sadiq olmalarını aşılayır, zorakılığın, şiddətin insanın mənəvi dəyərlərini məhv etməsini bir çox nümunələrlə izah edirəm. İnanıram ki, gələcəyimiz sağlam düşüncəli şəxslərlə əhatə olunacaq. Belə ki, 19 noyabr “Beynəlxalq uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması” günü kimi bütün dünyada qeyd edilir. Ölkəmizdə də həmin günə xüsusi diqqət yetirilir, müəyyən seminarlar təşkil edilir, uşaqlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə davam edir, zamanla şiddətin qadağan olunması yönündə təşkilatlarda, dövlət müəssisələrində, həmçinin təhsil ocaqlarında maarifləndirmə üsulları aparılır. Habelə, həyata keçirilən müxtəlif tədbirlər vasitəsilə qanunvericilikdə müvafiq əmələ görə məsuliyyətin müəyyən olunması barədə ictimaiyyətə məlumat verilir.
Biz inanırıq ki, bütün mübarizə üsulları öz təsirini göstərəcək, zorakılığın, şiddətin qarşısının alınması istiqamətində hər birimiz öz töhfəmizi verəcəyik.
Tünzalə QULİYEVA