Logo

Tarixdən necə dərs çıxaraq? - ARAŞDIRMA

22.10.2022 00:21 439 baxış
IMG

Kulis.az Simran Qədimin "Tarix oxu" adlı essesini təqdim edir.

​​​​​Dünya fəlsəfi düşüncəsinə böyük təsir göstərmiş, dialektik məntiqiylə tarixin rəsmini çəkmiş məşhur alman filosofu Georq Vilhelm Fridrix Hegelin məşhur bir sitatı var: "Tarixdən çıxardığımız yeganə dərs tarixdən dərs çıxarmadığımızdır".

Bu sitat üzərində düşünəndə, istər-istəməz, beynin dolanbaclı labirintlərində, qaranlıq, dərin meşəliklərində müəyyən suallar var-gəl etməyə, həyəcanla, çaşqınlıqla ətrafına göz gəzdirib çıxış yolu axtarmağa başlayır: tarixdən dərs çıxara bilməməyimizin səbəbi nədir? Konkret kimin, ya kimlərinsə günahı üzündən tarixdən dərs çıxara bilmirik, yoxsa insanlardan asılı olmayan təbii, qarşısıalınmaz bir prosesə, təbiətimizdəki, şüurumuzdakı hansısa çatışmazlığa görə? Bəlkə də, ümumiyyətlə, ölümsüzlük iksiri tapmaq, sonsuzluğa qovuşmaq kimi, tarixdən dərs çıxarmaq da mümkün deyil.

Uşaqlıqdan oxuyub-eşitdiyimiz, həvəslə razılaşıb yaddaşımızın bir küncünə həkk etdiyimiz fikrə əsasən, tarix keçmişi görməyimizə, doğru-yanlış atılan addımlardan nəticə çıxarmağımıza və gələcəyi qurmağımıza kömək edir, etməlidir. Amma burada tələm-tələsik hökm çıxarmazdan öncə bir qədər zaman ayırıb üzərində baş sındırmağa dəyən, mübahisəyə açıq bəzi məqamlar var.

1. Keçmişi araşdırmaq

Biz tarixi, lap ən yüksək, ali elmi dairələr səviyyəsində olsa belə, düşündüyümüz qədər dəqiqliklə, incəliklərinədək araşdırmaq, şübhəyə yer qoymadan bütün faktları necə varsa, eləcə də üzə çıxarmaq imkanına sahib deyilik. Tanınmış ingilis postmodern yazıçısı Culian Barnsa "Buker" mükafatı qazandıran "Aqibət duyğusu" romanında belə bir fikir keçir: "Tarix yaddaşdakı natamamlıqla sənəd-sübut qıtlığının üst-üstə düşdüyü məqamdakı əminlik duyğusu ilə yazılır". Deməli, tarixi "həqiqət"lərin, əslində, həqiqət olub-olmaması böyük sual altındadır. Görəsən, tarix pəncərəsindən keçmişə baxanda, sadəcə, əminlik duyğusundan ibarət bir yanılmaya, illüziyaya qapılmırıq ki? Kimsə bunu isbat edə bilərmi?

2. Keçmişi qiymətləndirmək

Biz natamam yaddaş və sənəd-sübut qıtlığı ilə ortaya qoyulan tarixi "həqiqət"lərə birmənalı, obyektiv qiymət vermək imkanına da sahib deyilik. Obyektivliyin, xüsusən də bu cür məqamlarda, son dərəcə şərti anlayış olduğunu nəzərə alsaq, avtomatik şəkildə belə bir fundamental sualla qarşılaşırıq: illər, əsrlər, minillər öncə yaşanmış tarixi proseslər necə, hansı üsulla, hansı meyarlarla dəyərləndirilməlidir? Axı tarixi araşdırmaq üçün elmi dairələrdə bu gün qəbul edilmiş müəyyən metodları da insan yaradıb, yəni mütləq deyil, sabah dəyişə bilər. Bundan başqa, ortaya belə bir tezis də çıxır: istənilən hadisəni zamandan, mühitdən, baxış bucağından asılı olaraq tamam fərqli, hətta bir-birinə zidd şəkildə şərh etmək mümkündür. İnsan, istənilən halda, qərəzli olmağa, müəyyən maraqlar, ideologiyalar çərçivəsində çıxış etməyə, ən azından təsir altına düşməyə meyillidir. Xüsusən də, tarixçinin tarixin yetirməsi olduğunu nəzərə alanda. Bu halda hansı birmənalılıqdan, obyektivlikdən söhbət gedə bilər?

3. Keçmişdən dərs çıxarmaq

Biz, əslində, natamam yaddaş və sənəd-sübut qıtlığı ilə ortaya qoyulan, zamandan, mühitdən, baxış bucağından asılı olaraq təhriflərə məruz qalan, subyektiv şəkildə şərh edilən tarixi “həqiqət”lərdən çıxarılan nəticələrə əsasən effektiv qərarlar vermək imkanına da sahib deyilik. Çünki tarixin gedişi elmi təcrübələrdəki kimi birbaşa, mütləq mənada səbəb-nəticə əlaqələrinə əsaslanmır. Tarixdə hansısa eksperiment aparmaq, dəqiq, dəyişilməz riyazi hesablamalar etmək, konkret düsturlar çıxarmaq mümkün deyil. Nə az, nə çox, 5000 il geriyə dönüb hər şeyi təzədən başlada bilsəydik, çox güman ki, bu gün tamam başqa, tanınmaz bir dünyayla qarşılaşardıq. Tarixdə bəlli qanunauyğunluqlara, səbəb-nəticə əlaqələrinə də yer var, müəyyən xaotikliyə, təsadüflərə də. Qısası, tarixi bilgilərə, keçmiş təcrübələrə əsasən verilən qərarların yeni dövrdə, fərqli şəraitdə və fərqli şərtlər altında özünü nə dərəcədə doğruldacağını kimsə deyə bilməz.

***

Tarixdən dərs çıxarmaq məsələsini nə gözdən salıb həddən artıq kiçiltməyə, önəmsizləşdirməyə ehtiyac var, nə də dönə-dönə vurğulayıb şişirtməyə, həlledici faktor kimi qiymətləndirməyə. Sadəcə, bir şeyi diqqətdə saxlamaq vacibdir: mövcud iqtisadi, siyasi, hüquqi, sosial, mədəni durumu, dövrün reallıqlarını nəzərə almadan israrla “tarix təkrarlardan ibarətdir!" fikrinin üzərində dayanmaq məsələni bəsitləşdirmək, asana qaçmaqdır. Digər bütün mövzularda olduğu kimi, burada da əsas məqsəd daşlaşmış, qəlibləşmiş düşüncə qandallarından qurtulub daha dərindən düşünmək, qarşılaşdığımız problemlərə fərqli rakurslardan baxmaq vərdişini özümüzə aşılamaqdır.

Dəyişən zaman, mühit və şərait dəyişik baxış bucaqları, fərqli yanaşmalar, fərqli addımlar tələb edir. Bəlkə də, arxaya boylananda həyəcana, təşvişə qapılıb irəli baxmağı unutduğumuza, zamana atılan tarix oxunun yönünə fikir verməyin önəmini nəzərdən qaçırdığımıza görə yanlış qərarlar verir, sonra da Hegel kimi "Tarixdən çıxardığımız yeganə dərs tarixdən dərs çıxarmadığımızdır" deyə gileylənirik. Bəzən doğru qərarlara gedən yol keçmişin dolanbaclı labirintlərində, qaranlıq, dərin meşəliklərində ilişib qalmaqdan yox, keçmişlə birgə irəlini, yaxın-uzaq gələcəyin bizə nələr gətirəcəyini görə bilməkdən keçir.

Xəbər lenti