Lənkəran Dövlət Universitetinin (LDU) “Azərbaycan dili və ədəbiyyat” kafedrasında “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi” ilə bağlı elmi seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, seminarı giriş sözü ilə "Filologiya və ibtidai təhsil" fakültəsinin dekanı, dos..Elman Mirzəyev açaraq bildirib ki, Azərbaycanın tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan İrəvan şəhərində İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 illiyi bu günlərdə tamam olur. 8 noyabr 1881-ci ildən fəaliyyətə başlamış bu böyük elm ocağı Azərbaycan təhsilinin inkişafında müstəsna əhəmiyyətə malik olub və seminariyanı bitirən məzunlar Azərbaycan xalqının maariflənməsi işində əzmlə mübarizə aparıblar.
Seminarda dos. Əlirza Əliyevin İrəvan müəllimlər seminariyasının yaradılması, fəaliyyəti ilə bağlı geniş məruzəsi dinlənilib. Məruzəçi bu təhsil ocağının sonrakı pedaqoqların yetişməsindəki rolundan bəhs edərək bildirib ki, Azərbaycanda maarifçilik ənənələrinin formalaşmasında İrəvan və Qori müəllimlər seminariyası böyük rola malikdir. Məhz buna görə də seminariyanın Azərbaycan təhsilinin, maarifinin qarşısındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi”nin təntənəli şəkildə qeyd edilməsi üçün 29 dekabr 2021-ci ildə Sərəncam, Azərbaycanın Elm və Təhsil Nazirliyi bu Sərəncamdan irəli gələn Tədbirlər Planının təsdiqi üçün 31 yanvar 2022-ci il tarixli əmr imzalayıb. Əlirza Əliyev keçirilən seminarı bu işlərin məntiqi davamı adlandırıb.
Məruzə ətrafında çıxış edən prof. Yədulla Ağazadə çar Rusiyasinin Azərbaycana qarşı yeritdiyi millətçilik siyasətindən, yerli maarifçi qüvvələrin inadlı mübarizəsi nəticəsində yerlərdə məktəblərin, o cümlədən, İrəvan Müəllimlər Seminariyasının açılmasından, onun rolundan ətraflı bəhs edib.
Yədulla Ağazadə İrəvan Müəllimlər Seminariyasının açılmasını hər şeydən əvvəl xalqımızın maariflənməsinə, Azərbaycanın təhsilinin inkişafına əməli xidmət kimi dəyərləndirib.
Dos. K.Dənziyeva çıxış edərək bildirib ki, seminarıyanın açılması ana dilində tədrisin yeni məzmun qazanmasında, Azərbaycan dilçiliyinin təşəkkül tapmasında mühüm mərhələ olub.
Çıxışlarda yekdilliklə qeyd edilib ki, müasir gənclərin, eləcə də tələbələrin dövlətə və dövlətçiliyə sadiq ruhda tərbiyə olunması vacib şərtlərdən biridir.
Tədbirin yekununda “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dos. Qədim Rufullayev iştirakçılara minnətdarlıq bildirib, Lənkəran Dövlət Universitetində maarifçilk ənənələrinin şərəflə davam etdirildiyini deyib.
Tədbirdə kafedranın professor-müəllim heyəti, tələbə və magistrlər iştirak edib.