Görkəmli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib.
Tehsil.biz xəbər verir ki, konsert proqramı dahi bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr olunub.
Əvəllcə konsert iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canını fəda edən Şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Konsert proqramından öncə xalq artisti, professor Zəhra Quliyeva çıxış edərək Fikrət Əmirov yaradıcılığı, Azərbaycan musiqi sənətinin inkişaf tarixi və istiqamətləri haqqında geniş məlumat verib.
Daha sonra konsert proqramına başlanılıb. Mustafa Mehmandarovun dirjorluğu ilə reallaşan konsertdə xalq artistini Fərhad Bədəlbəylini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsert zamanı canlı korifeyimiz Fərhad Bədəlbəylinin ifasında Fikrət Əmirovun “Azərbaycan suitası”, “Kürd-Ovşarı” simfonik muğamı və “Ərəb mövzularına konsert” əsərləri səsləndirilib.
Konsertdən sonra AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək xalq artisti Fərhad Bədəlbəyliyə AzMİU kollektivi adından təşəkkürünü bildirib və bu konsertin universitetin professor-müəllim heyyəti və tələbələrinin yaddaşında silinməz iz buraxacağını qeyd edib. Rektor qarşıdan gələn Zəfər Gününə diqqət çəkərək bildirib ki, Fikrət Əmirovun əsərlərinin, xüsusilə milli-vətənpərvər ruhda olan bəstələrinin Fərhad Bədəlbəyli kimi sənətçinin ifasında dinləmək AzMİU tələbələrinin bu istiqamətdə inkişafına böyük töhfə verəcəyi şübhəsizdir.
Azərbaycan musiqisinin inkişafında, milli bəstəkarlıq və ifaçılıq məktəbinin nümayəndələrinin yetişdirilməsində, dünyanda Azərbaycan musiqisinin şöhrətinin ucaldılmasında və milli musiqimizin ecazkar gözəlliyinin gənc nəslə ötürməsində böyük xidmətləri olan Fərhad Bədəlbəylinin ifasında konsert proqramı AzMİU kolektivinin böyük marağına və xoş təəssüratına səbəb olub.