Logo

Deputat: "Bir şəxsin uzun müddət rektor vəzifəsində qalması yeniliklərin tətbiqinə mənfi təsir göstərir"

23.10.2022 09:15 365 baxış
IMG

"Ölkədə texnoloji və iqtisadi proseslərdə kardinal dəyişikliklər gedir, əlbəttə ki, bu çağırışlara cavab verən mütəxəssislər də yetişməlidir. Ölkənin ali məktəbləri 17 ildir ki, boloniya prosesinə qoşulub, lakin müşahidələrimiz göstərir ki, bu proses də özünü yetərincə doğrultmadı".

Tehsil.biz xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, boloniya sisteminin əsas məqsədi "Vahid Avropa Təhsil Məkanı"na inteqrasiya olmaq idi: "Bu bizlərə imkan verirdi ki, müəllim və tələbələrimiz xarici ölkələrdə işləyib, oxuya bilsinlər. Lakin indi vəziyyət dəyişib. Bakalavr və magistr pillələrinə tələbat dəyişir. 40-50 faiz tələbə gələcəyin mühəndis kimi yetişməlidir. Təhsilin modernləşməsi təcridolunma yolu baş verə bilməz. İstisnalar da var".

Deputat deyib ki, təhsil sistemi effektiv olan ABŞ, Hindistan, Çin boloniya sisteminə daxil deyil. Bu, onlarda təhsilin inkişafına maneçilik törətməyib: "Biz ali məktəblər arasında tələbə mobilliyini genişləndirməliyik. Boloniya sisteminin tədqiqatçılarının fikrinə görə, 2 illik magistratura pilləsi vaxt baxımından məqbul deyil. Fransada mühəndis məktəblərində 5 illik proqram, Çində də 5 illik bakalavr təhsili, üstəlik magistratura proqramları qüvvədədir. Mənə belə gəlir ki, biz də ayrı-ayrı proqramlarda qabaqcıl təcrübələri nəzərə almalıyıq".

Millət vəkili bildirib ki, ölkəmizdə ciddi problemlərdən biri ali təhsilin keyfiyyətinin qiymətləndirilməsindədir: "Mühüm indikatorlardan biri müəllim keyfyyəti olmalıdır. XXI əsrin müəlliminin qarşısına qoyulan tələblər üzrə ali məktəblərdə dinləmələr, diskussiyalar  keçirilməlidir. İKT sahəsində kadr hazırlığı orta məktəblərdən başlamalıdır. Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektorların 5 il müddətinə təyin edilməsi haqqında Prezident İlham Əliyev “Təhsil haqqında” Qanunun tətbiq edilməsi barədə" fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bir şəxsin uzun müddət rektor vəzifəsində qalması universitetlərin idarə olunmasına, yeniliklərin tətbiqinə mənfi təsir göstərir".

Xəbər lenti