Logo

Anar Kərimov Cəlilabadda müəssisələrin fəaliyyəti ilə tanış olub - FOTOLAR

23.10.2022 14:56 377 baxış
IMG

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 21-də Cəlilabad rayonuna səfər edərək tarixi abidələrə və bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Cəlilabad rayon Göytəpə şəhərində yerləşən yerli əhəmiyyətli tarixi abidəni – pravoslav kilsəsini (inv. № 4177) ziyarət edən Anar Kərimova tikili haqqında məlumat verilib. Bildirilib ki, cənub bölgəsində bənzəri olmayan Göytəpə pravoslav kilsəsi 1878-ci ildə inşa olunub və tikintisi yerli ustalar tərəfindən aparılıb. Məhz buna görədir ki, abidənin pəncərələri Azərbaycan milli memarlıq üslubunda hazırlanıb.

Səfər çərçivəsində Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət evinə və həmin binada fəaliyyət göstərən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) kənd kitabxana filialına da baxış keçirilib. Məlumat verilib ki, 1977-ci ildə istifadəyə verilən müəssisənin binası 400 nəfərlik tamaşa zalı, 100 yerlik iclas zalı olmaqla, ümumilikdə, 17 otaqdan ibarətdir.

Sonra Göytəpə şəhər Uşaq Musiqi Məktəbi​nə gələn nazir təhsil ocağının fəaliyyəti haqqında məlumat alıb. Qeyd olunub ki, 1989-cu ildən fəaliyyət göstərən məktəbdə fortepiano, tar və qarmon ixtisasları üzrə 94 şagird təhsil alır, 14 müəllim çalışır.

Daha sonra nazir Anar Kərimov rayon Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Eyni zamanda bu sahədə fəaliyyət göstərən insanların nazirlik tərəfindən aparılan islahatlara cəlb edilməsi, mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə vermələrinə nail olmaq da əsas vəzifələrdəndir.

Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Anar Kərimov bildirib ki, bölgələrdə fəaliyyət göstərən mədəniyyət işçiləri dövrün tələbləri ilə ayaqlaşmalıdırlar. Bunun üçün peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın artırılması zəruridir.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdən sonra nazir Anar Kərimov Cəlilabad rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq teatrının tamaşasını izləyib.

Xəbər lenti