Qazax-Tovuz RTİ-nin Ağstafa rayonu üzrə təhsil sektorunun, Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa Rayon Prokurorluğunun və Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Erkən nigaha yox deyək!” mövzusunda Həsənsu kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
RTİ-dən daxil olan məlumata görə, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər müasir dövrümüzün ən aktual problemlərindən biri olan erkən nigahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə danışıblar.
Çıxışların ardından erkən nigah və onun törətdiyi fəsadlardan bəhs edən “Erkən nigaha yox deyək” videoçarx nümayiş olunub.
Tədbir diskussiya şəklində yekunlaşıb.
Şakir CƏFƏROV