Logo

“Dövlətimizə layiqli vətəndaşlar yetişdiririk” - MÜSAHİBƏ

23.10.2022 20:14 463 baxış
IMG

Sevinc Baxşəliyeva: “Öyrətməyi və öyrənməyi çox sevirəm”

Sevinc Baxşəliyeva 1997-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Elə həmin ildən Goranboy rayon Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.

- Sevinc xanım, bir müəllim kimi qarşıya qoyduğunuz məqsəd nədir?

- Əsas məqsədim həmişə özümü inkişaf etdirmək, dövrün tələblərinə cavab verən, XXI əsrin bacarıqlarına sahib bir müəllim kimi yetişməkdir. İllərdir bu məqsəd üçün çalışıram və əldə etdiklərim məni sevindirsə də, qane etmir. Elə bir dövrdə yaşayırıq ki, zamanın tələbləri çox sürətlə dəyişir. Əgər zamanın nəbzini tutmasaq, geri düşürük. Ona görə də ömür boyu öyrənmək bir tələbdir. Orta məktəbdə müəllim kimi fəaliyyətimdən başqa, indiyə kimi Azərbaycan Respublikası Təhsil İnstitutunun, Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin, Elm və Təhsil Nazirliyinin sifarişi ilə keçirilən bir çox təlimlərdə təlimçi kimi fəaliyyət göstərmişəm. Hazırda Dövlət İmtahan Mərkəzində marker və qiymətləndirmə nümunələrinin hazırlanmasında əməkdaş kimi fəaliyyət göstərirəm. Rəqəmsal bacarıqlarım yüksəkdir: bir çox proqramlarla və Veb2 alətləri ilə işləməyi bacarıram.

- Dərslərinizi tədris edərkən dərsin gedişinə mane olan şagirdlərlə necə davranırsınız?

- Belə şagirdlər həmişə olub, olacaq da. Belə vaxtda şagirdlərin marağını  çəkən tapşırığı oyun şəklində həyata keçirirəm. Onların arasında cərgələr və ya qruplar üzrə yarış təşkil edir,  qrup işlərində şagirdləri intellektlərinə görə qruplaşdırır və hər qrupa intellektlərinə uyğun tapşırıqlar verirəm.

- Özünüzü təkmilləşdirmək üçün hansı təlim və görüşlərdə iştirak edirsiniz?

- “İxtisasartırma təhsili həyata keçirən kadrların potensialının gücləndirilməsi (TİPİM)”, “Distant təlimlərin təşkili və keçirilmə qaydaları (İTE)”, “İnteqrativ təlim (PİSA)” (İTE), STEAM (İTE), “Yazı işinin qiymətləndirilməsi (TİPİM)”, “Təlim prosesində Primethan interaktiv texnologiyadan istifadə (İTE)”, “Təlimçilər üçün seminar (TİPİM)”, “Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxlanması (DİM)”, “Müəllimlərin bacarığının gücləndirilməsi layihəsi (Koreya)”, “Mətn üzrə işin təşkili (ARTİ)”, “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası (ARTİ)”, “Müasir öyrənmə nəzəriyyələrinin tədris prosesində tətbiqi (İTE)”, İKT(2022), “Məktəb sənədlərinin elektron tərtibatı (İTE)”, “İnternet resurslarının təlimdə səmərəli istifadəsi (İTE)” və digər tədbirlərdə iştirak etmişəm.

- Sizcə, müəllimlik peşəsini digər peşələrdən fərqləndirən cəhət nədir?

- Müəllimlik peşəsi  daha məsuliyyət və zəhmət tələb edən bir sənətdir. Bu gün biz dövlətimizə, gələcəyimizə layiqli vətəndaşlar yetişdiririk. Verilən təlim və tərbiyə doğru olmasa, bu, təkcə şagirdə deyil, bütün cəmiyyətə ziyan vurar. Ona görə də savadlı, müasir bacarıqlara, yüksək intellektə sahib, vətəninə, torpağına bağlı, mübariz ruhlu bir şəxsiyyət yetişdirməyin bütün məsuliyyəti müəllimin üzərindədir.

- Pedaqoji fəaliyyətinizdə yadda qalan bir xatirə varmı?

- Var. Qız şagirdlərimdən biri dərs prosesində fikirlərini doğru ifadə edə bilmir, cümlələri qurarkən rabitəliliyi itirirdi. Bu, bəzi şagirdlər tərəfindən gülüş və istehza ilə qarşılanır, atmacalar atılırdı. Bu münasibət qızda aqressiya və əsəb yaradırdı. Mən bunu bir neçə dərs hiss etdikdən sonra həmin şagirdlərlə söhbət apardım. Onlara insanları qüsurlarına görə mühakimə etməyin, cəzalandırmağın insanlığa yaraşmayan bir hərəkət olduğunu, bunu özlərinə yaraşdırmamalı olduqlarını və s. söylədim. Bu söhbətdən sonra şagirdlər səhvlərini anlayıb, qızdan üzr istədilər. Artıq o qıza və fikirlərinə son dərəcə hörmətlə yanaşırlar. Bu münasibət onda özgüvən hissini artırıb, artıq dərslərini də daha yaxşı oxuyur və fikirlərini daha rahat ifadə edir.

- Əgər müəllimlik yox, seçim qarşısında qalsaydınız hansı peşəni seçərdiniz?

- Mən öyrətməyi və öyrənməyi çox sevirəm. Ona görə müəllimliyin mənim üçün ən ideal seçim olduğuna inanıram. Amma müəllim olmasaydım, rəssam  olmaq istərdim, çünki dünyanın gözəlliyi və rəngləri həmişə məni heyran edib. Bu gözəlliyi ən incəliyinə qədər duymaq və əks etdirmək, məncə, maraqlı və zövqverici olardı.

- Şagirdlərinizə həyatı anlamaları üçün kitab hədiyyə edəcək olsanız,  onda bu kitab hansı olardı?

- Daniel Defonun “Robinzon Kruzo” əsərini hədiyyə edərdim. Çünki, bu əsər tam çarəsizlik içində olan bir insanın həyatda qalmaq üçün çəkdiyi əziyyətlərini, mübarizəsini, əzmini əks etdirir. Mən həmişə şagirdlərimə bu kitabla yanaşı, İlham Zəkiyev, Stefan Hokinq, Nik Vuyviç, Sümeyya Boyacı kimi fiziki qüsurlu insanların həyat və mübarizəsini danışır, onların nail olduqlarından özlərinə dərs çıxarmalarını tövsiyyə edirəm.

Raminə MƏMMƏDOVA,

Gəncə-Daşkəsən RTİ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Xəbər lenti