Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat tarixi hadisələrdəndir. Qeyd etmək lazımdır ki, Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir.
Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusilə fərəhlidir.
2020-ci ildə Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilib. Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi, İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır.
Torpaqlarımız azad edildikdən sonra Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə azad olunan ərazilərdə olub. Məhz prezidentimizin rəhbərliyi ilə başlanan tikinti quruculuq işləri, infrastruktiur layihələr uğurla davam edir. Bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək.
Bəyanatda dövlətimizin başçısı bildirib ki, İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Lakin görülən işlər düşmənin bütün niyyətlərini boşa çıxartdı. Bizim torpaqlarımızı zəbt eləsələr də tarixi ədalət bərpa olundu. Yurdumuzun ərazi bütövlüyü bərpa olundu.
Bəli, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Bunu özləri də ürəkdən istəyirlər. 30 ilə yaxın olan həsrət sona çatacaqdır. Öz sakinlərini qoynuna almağa həsrət qalan bütün torpaqlarımızda yenidən həyat başlayacaq, bayramlar, şənlikər keçiriləcəkdir. Məktəblərimiz, bağçalarımız istifadəyə veriləcək, idarə və müəssislər fəaliyyətə başlayacaqdır. Bu xalqımızın arzusu xəyaldan gerçəyə çevriləcəkdir.
İlbəil güclənən dövlətimizin işıqlı sabahı nurlanacaqdır. Vətən çəkir və hamımız qayıdacağıq. Prezidentimizin dediyi kimi, Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.
Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur.
Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.
Azərbaycanın yeni əsrdə qalib dövlət kimi dünyada özünə layiq yer tutması düşmənlərimizi kədərləndirsə də dostlarımız dövlətimizin yanındadr. Əmin olmalıyıq ki, prezidentmizin qətiyyəti bu inkişafı daha da çoxaldacaq, xalqımız fərəhli günlər yaçayacaqdır.
Emiliya Hüseynova,
MDU-nun dosenti