Logo

Gürcüstanın təhsil və elm naziri BDU-da olub - FOTO

24.10.2022 16:18 267 baxış
IMG

Bakıda işgüzar səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Tehsil.biz xəbər verir ki, nazir əvvəlcə BDU-nun rektoru Elçin Babayevlə, daha sonra universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

Görüşdə çıxış edən universitetin rektoru Elçin Babayev qonaqları Azərbaycanın ilk və ən böyük təhsil ocağı Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib, BDU və Gürcüstan universitetləri arasında elm və təhsil sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Rektor qeyd edib ki, BDU-nun qarşıya qoyduğu əsas məqsədlərdən biri təhsil və elmin təcrübə ilə əlaqələndirilməsi və müxtəlif sahələr üzrə beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Bu istiqamətdə Gürcüstan universitetləri ilə əməkdaşlığa xüsusi önəm verilir.

Elçin Babayev Gürcüstan universitetləri ilə əməkdaşlığın genişləndiriləcəyini, qarşılıqlı müəllim, tələbə mübadiləsinin, birgə layihələrin həyata keçiriləcəyini, ikili diplom proqramlarının imzalanacağını diqqətə çatdırıb.

BDU-nun rektoru, həmçinin qeyd edib ki, 2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə BDU tərəfindən Gürcüstan ali məktəbləri ilə birgə konfrans və seminarlar keçiriləcək. BDU, eyni zamanda, Tbilisi Dövlət Universitetində yerləşən Heydər Əliyev adına Mərkəzin və kitabxananın yaradılmasına və texniki təchizatına yardım edəcək. Burada BDU-nun professor-müəllim heyəti Ulu Öndərin həyatı və fəaliyyəti, Azərbaycan dili ilə bağlı mühazirələr deyəcək, elmi seminarlar keçirəcək.

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Azərbaycanın aparıcı universiteti olan BDU ilə əməkdaşlığın iki ölkə arasında dostluq münasibətlərinə töhfə verəcəyinə əminliyini bildirib və rektor Elçin Babayevi Gürcüstana dəvət edib. O qeyd edib ki, BDU Tbilisi Dövlət Universiteti, Kutaisi Beynəlxalq Universiteti ilə çox yaxşı əməkdaşlıq perspektivlərinə malikdir. Nazir hazırda Tbilisi Dövlət Universitetində azərbaycanşünaslıq ixtisasının tədris edildiyini diqqətə çatdırıb. O, Gürcüstanda Azərbaycan dilinin tədrisinin artırılması və BDU-da gürcü dilinin tədrisinə dair BDU ilə ilkin müzakirələr aparıldığını bildirib.

Sonda nazir Mixeil Çxenkeli tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti