Logo

BDU-da Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Zamanın sınağında” adlı elmi seminar keçirilib

24.10.2022 19:03 446 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr edilmiş “Zamanın sınağında” adlı elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbir Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən videoçarxla başlanıb.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova “Hüseyn Cavid yaradıcılığında folklor” mövzusunda məruzə ilə çıxış edib. Ədibin öz yaradıcılığında folklor örnəklərindən geniş miqyasda bəhrələndiyini vurğulayan məruzəçi bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev, dahi rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev görkəmli şair Hüseyn Cavid irsinə daim yüksək diqqət və qayğı göstəriblər.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Hüseyn Cavid şəxsiyyəti və sözü zamanın sınağında” mövzusunda məruzəsində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yaxından bələd olan və onların gələcək nəsillərə ötürülməsinin vacib məsələ olduğunu hesab edən sənətkar haqqında geniş məlumat verib. “Cavid irsinə və şəxsiyyətinə münasibət istər sağlığında, istər sonrakı dövrlərdə birmənalı olmayıb. XX əsrin əvvəllərində – Cavidin sənətkar kimi özünü təsdiq etdiyi ilk zamanlarda ədəbi tənqid ona uzun müddət diqqət yetirməyib, pyesləri tamaşaya qoyulmayıb. Lakin şeirlərini və dram əsərlərini o dövrdə nəşr etdirdiyindən tanınıb, qəbul edilib. Cavid dramaturgiya və teatra şeiriyyət, poetiklik gətirib, əruzu çağdaş dramaturgiyaya doğmalaşdırmış bir sənətkardır. Cavid dramaturgiyamıza yeni mövzular, tragik xarakterlər, kolliziyalar gətirib”,- deyə E.Talıblı bildirib.

Məruzəçi Cavidin bir çox əsərlərini təhlil edib.

Tədbirdə Filologiya fakültəsinin tələbələri Ülviyyə Orucova və Mehrəngiz Qurbanova Cavid irsindən şeirlər səsləndiriblər.

Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti