Oktyabrın 24-də Yardımlı rayonunda "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi polis baş leytenantı İsmayıl Əmirli, Yardımlı rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Tural Quliyev, Yardımlı rayon təhsil sektorunun müdiri Kamal Təhməzov, Yardımlı rayon Gənclər və İdman idarəsinin müdiri Şəhriyar Şabiyev, polis veteranları, valideynlər və rayonun ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.
Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib.
Akademiyada gənclərimizin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.