Logo

Azadlığın ikinci ilində Qubadlı

25.10.2022 14:15 450 baxış
IMG

31 avqust 1993-cü ildə  29997 nəfər vətəndaşımızın yurd yuvasından didərgin düşməsi ilə nəticələnən Qubadlının işğal tarixi artıq məktəblərimizdə,dövlət qurumlarında, tədbirlərdə qanlı tariximiz kimi yad edilmir. Çünki Ali Baş Komandanın başçılığı ilə Müzəffər Azərbaycan əsgərləri 31 avqust işğal tarixini 25 oktyabr işğaldan azad olunma tarixi ilə əvəz etmişlər.

Qubadlı rayonu öz zəngin tarixi, füsunkar təbiəti ilə Azərbaycanın digər bölgələri kimi özünəməxsus gözəlliyi ilə seçilir. Bir çox kəndləri Həkəri və Bərgüşad çaylarının sahillərində yerləşir. Rayon ərazisi təbii dərman bitkiləri ilə zəngindir.

Həmçinin rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində Yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı da mövcuddur. Bütün bunlar rayonun iqtisadi-sosial baxımından əhəmiyyətindən xəbər verir. Buna görə də mənfur düşmənin rayonun qanunsuz məskunlaşdırılmasında xüsusi marağı olmuşdur. Belə ki, rəsmi İrəvan tərəfindən xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Qanunsuz yollarla xaricdən gətirilib yerləşdirilmiş ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.

Mənfur düşmənin bütün əməllərinə baxmayaraq ədalət bir gün öz yerini tapır ifadəsi gerçək oldu.

27 sentyabrdan etibarən başlayan Vətən müharibəsi xalqımızın əzmini, gücünü bir daha nümayiş etdirməsi üçün vasitə oldu. Bir-birinin ardınca gələn qələbələr xalqımızda mütləq qələbəyə inamı daha da artırırdı. Və nəhayət 25 oktyabr 2020-ci il Qubadlı sakinlərinin və bütün azərbaycanlıların həyatında unudulmaz bir gün kimi tarixə keçdi. Qubadlı işğaldan azad edildi. Rəşadətli Azərbaycan ordusu tərəfindən rayona Azərbaycan bayrağı sancıldı. Bu unudulmaz qələbəni bizlərə yaşatdığı üçün Azərbaycan xalqı hər zaman Ali baş Komandana, Ordumuza və bu yolda öz canlarından keçən Şəhidlərimizə minnətdar olacaq.

Bugün Qubadlı şəhəri yenidən qurulur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya hər üç səfəri çərçivəsində 23 dekabr 2020-ci ildə Qubadlıda Azərbaycan bayrağının ucaldılması, 25 oktyabr 2021-ci ildə isə Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirakı, “Qubadlı” yarımstansiyasının açılışında iştirakı, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirakı, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, 19 oktyabr 2022-ci ildə Qubadlı şəhərinin Baş planı ilə tanış olması, İşğal və Zəfər muzeyləri kompleksinin təməlinin qoyulması Qubadlının yeni inkişaf dövründən xəbər verir.

Gunel Abbasova,
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Kadrlar üzrə məsləhətçisi.

Xəbər lenti