Logo

“Yeni adlar” layihəsinin yeni mövsümdə ilk konserti keçirilib

25.10.2022 22:51 369 baxış
IMG

Mədəniyyət Nazirliyinin bu ilin mart ayından başladığı “Yeni adlar” layihəsinin növbəti konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Tehsil.biz xəbər verir ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc tarzənlər – respublika və beynəlxalq müsabiqələr laureatları Məhəmməd Xanlarov və Vaqif Təhməzov mükəmməl ifaları ilə musiqisevərlərin könlünü oxşayıb.

Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, mədəniyyət və incəsənət xadimləri vardı.

Orkestr tərəfindən Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" və Rauf Hacıyevin “Qaytağı” əsərləri böyük ustalıqla ifa edilib.

Məhəmməd Xanlarov Hacı Xanməmmədovun “Tar və orkestr üçün 1 nömrəli konsert”, Vaqif Təhməzov isə bəstəkarın “Tar və orkestr üçün 3 nömrəli konsert” əsərlərini təqdim edib. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xəbər lenti