Şəmkir şəhərinin sakinləri yeni tikilmiş təhsil müəssisəsinin istifadəyə verilməməsindən narazıdırlar.
Bu barədə "Tehsil.biz"ə daxil olan məlumatda bildirilib.
Belə ki, sakinlər şəhərdə Məhəmməd Füzuli adına Təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yenidən tikilməsinə baxmayaraq hələ də istifadəyə verilmədiyini bildiriblər. Onların sözlərinə görə, həmin təhsil ocağına yaxın ərazilərdə yaşayanlar məcburən övladlarını daha uzaq məktəblərə aparmalı olurlar.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən "Tehsil.biz"ə bildirildi ki, sözügedən məktəbdə son tamamlanma işləri aparıldıqdan sonra məktəb binası istifadəyə veriləcək.
"Yeni ilə qədər təhvil veriləcək deyə düşünürük", - qurumun cavabında qeyd olunub.
Qeyd edək ki, Şəmkir şəhər Məhəmməd Füzuli adına Təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey 5 korpusdan ibarət binanın iki tədris korpusu dörd, digər üç korpus isə üçmərtəbəli olmaqla, 1600 şagird yerlikdir.