Logo

Gələn il üçün Günəş və Ay tutulmalarının tarixi açıqlanıb

26.10.2022 12:00 392 baxış
IMG

Gələn ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından "Tehsil.biz"ə verilən məlumata görə, gələn ilin birinci Günəş tutulması aprelin 20-də qeydə alınacaq.

Bu tutulma hibrid Günəş tutulması olacaq. Hibrid Günəş tutulması zamanı Yerin əyriliyi səbəbindən müşahidəçinin mərkəzi tutulma trayektoriyası boyunca yerindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır. Əksər hallarda hibrid tutulmalar halqavari kimi başlayır, sonra tam tutulmaya keçir, daha sonra yenidən halqavari vəziyyətə qayıdır.

Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 08:16:49-da olacaq. Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq. Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.

İkinci Günəş tutulması oktyabrın 14-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.

Tutulma hadisəsi oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək. Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Növbəti ilin ilk Ay tutulması mayın 5-də olacaq. Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayacaq və saat 23:31:40-da sona çatacaq. Tutulmanın maksimumu 21:22:55-də olacaq.
Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

İkinci Ay tutulması isə oktyabrın 28-də baş verəcək. Bu, qismən Ay tutulmasıdır. Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

Qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

Xəbər lenti