Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulmuşdur.
Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Müstəqilliyin bərpasından sonra hər iki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür.
Ümummilli liderin əsasını qoyduğu strateji əməkdaşlıqlar keçən müddətdə bütün sahələr üzrə uğurla davam etdirilir. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən də bağlayır. İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir.
Cari ilin oktyabrın 24-də Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü və Dövlət başçısı cənab İlham Əliyevə göstərilən hörmət, ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir. Əlbəttə bu münasibətlərin dostluq qardaşlıq zəminində təmin olunması hər iki ölkənin inkişafına da xüsusi töhfə verir. Ölkə başçısının səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı əlaqələrin formalaşması, xalqların birgə və rahat bir şəraitdə inkişaf və tərəqqisi baxımından bölgənin bu günü və gələcəyi üçün mühüm yol xəritəsini müəyyən edir.
Azərbaycanın yaratmış olduğu yeni reallıqlar, həyata keçirdiyi iqtisadi layihələr bütövlükdə regionu və əməkdaşlıq etdiyi ölkələrin maraqlarını əhatə edir. Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına, xüsusən də Avropaya çıxarılması Gürcüstanla formalaşmış ənənəvi münasibətləri artıq yeni bir müstəviyə daşıyır. Artıq Gürcüstan vasitəsi ilə Avropaya qaz ixracının artırılması və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması da nəzərdə tutulur. Bununla yanaşı elektrik enerjisi ixracının artırılması və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün imkanlarından da geniş istifadə üçün perspektivlər mövcuddur. Paralel olaraq isə Asiyadan Qərbə və əksinə daşınan yüklərin artması yeni reallıq yaradıb. Bu baxımdan da Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona artırmağı planlaşdırır ki, bu da yaxın gələcəkdə daha geniş imkanların formalaşmasına zəmin yaradacaq.
Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan region ölkələrinin iştirakı ilə yeni bir inkişaf konsepsiyasının formalaşmasında maraqlı olduğunu bəyan edib. Bu mənada Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələrinin başlanması üçün mühüm imkanlar yaranıb. Ölkə başçısının Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə bəyanatı zamanı qeyd etdiyi kimi: “Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır”.
Öz növbəsində rəsmi Tbilisi də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də bəyanatında rəsmi Tbilisinin məsələyə münasibətini bir daha açıqlayaraq bildirmişdir: “Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik”.
Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfərin yeni müstəvidə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin dinamikasına müsbət təsir göstərəcəyi şübhəsizdir. Yeni əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan−Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilib və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir.
Axundov Asif
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı