Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində "Cadenza Contemporary Orchestr"i növbəti konsertini keçirib.
Tehsil.biz xəbər verir ki, “Bach’a qayıdış” adlanan bu konsertdə pianoçu Zakir Əsədov dahi alman bəstəkarı İ.S.Baxın həyatının son dayanacağı olan Leypziq şəhərində yazılmış üç konsertini (f-moll, E-dur, d-moll) Cadenza Contemporary Orchestra ilə birgə ifa edib.
Qeyd edək ki, Zakir Əsədov musiqi təhsilinə Bülbül adına Orta ixtisas musiqi məktəbinin forpepiano sinfində başlamış daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi akademiyasında bakalavriat və magistratura ixtisası üzrə təhsilini davam etdirib.
Respublika və beynəlxalq müsabiqələr laureatı olan Zakir Əsədov 2006-2013-cü illərdə Azərbaycanın nüfuzlu müasir musiqi ansambllarından olan “Con tempo”nun solisti olub.
O, fortepiano konsertləri də daxil olmaqla 50-yə yaxın müxtəlif həcmli fortepiano əsərinin ilk ifaçısıdır. Zakir Əsədov peşəkar pianoçu olmaqla yanaşı, həm də tədqiqatçı, “Georgi Şaroyev fenomeni” adlı monoqrafiyanın müəllifidir. 2018-ci ildə yazılmış bu monoqrafiyada Azərbaycan professional fortepiano məktəbinin banilərindən biri olan G.Şaroyevin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır. Monoqrafiya Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuşdur.