Milli Arxiv İdarəsində “Şuşa İli”nə və 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Milli Arxiv İdarəsindən bildirilib ki, İdarənin rəhbərliyi və əməkdaşları, Respublika Dövlət Arxivlərinin və Dövlət Arxivi filiallarının direktorları və rayon dövlət arxivlərinin müdirləri iştirak ediblər. Ənənəvi şəkildə və onlayn formatda keçirilən tədbirdən öncə iştirakçılar Respublika Dövlət Arxivlərində mühafizə edilən və Şuşaya aid olan arxiv sənədlərinin sərgisi ilə tanış olublar.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbiri giriş sözü ilə açıq elan edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin və mədəniyyət paytaxtımız olan qədim Şuşa şəhərinin işğaldan azad olunmasının tarixi əhəmiyyətindən danışıb. Natiq Şuşa şəhərinin Azərbaycan xalqı üçün dəyərini ifadə edən tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Əsgər Rəsulov Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı tikinti bərpa-quruculuq işlərinin aparılmasını və bu sahədə arxiv sənədlərindən istifadənin mühüm rolunu diqqətə çatdırıb.
Sonra çıxış edənlər - Dövlət Tarix Arxivinin direktoru Aslan Qasımlı, Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcculayeva, Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Cavid Məmmədli, Dövlət Elm və Texnika Sənədləri Arxivinin aparıcı arxivçisi Zinyət Vəliyeva təmsil etdikləri arxivlərdə mühafizə edilən və Şuşa şəhərinə aid olan arxiv sənədləri haqqında geniş məlumat veriblər.
Tədbirin sonunda mövzu ətrafında sərbəst müzakirələr aparılıb.