“Məktəbin keçmiş direktoru Nailə Məmmədova dərs bölgüsünə görə pul tələb edirdi".
Bu sözləri Tehsil.biz-ə özünə haqsızlıq edildiyini düşünən Qurbanova Mətanət Rauf qızı bildirib.
Qurbanova Mətanət Rauf qızı 2014-cü ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə Sabunçu rayonu 130 saylı tam orta məktəbə daimi əsaslarla ibtidai sinif müəllimi qəbul olunub. 2017-ci ildə yerdəyişmə ilə 187 saylı tam orta məktəbə qəbul olan Qurbanova Mətanət məktəbin keçmiş direktoru Nailə Məmmədovanın dərs bölgüsünə görə pul tələb etdiyini iddia edir:
“Məktəbin keçmiş direktoru Nailə Məmmədova dərs bölgüsünə görə pul tələb edirdi. Məndən istədiyini ala bilmədiyi üçün sinfimi dağıtdı, başqa sinif verdi. Həmin sinifdə də özünün əlbir olduğu valideynlərlə məni elə vəziyyətə gətirmişdi ki, imtina etdim o sinifdən və Bakı Şəhər Təhsil İdarəsinə müraciət etdim”.
Məsələ ilə bağlı BŞTİ-yə müraciət edən Mətanət müəllimə bütün bu problemlər haqqında Təhsil idarəsinə bildirsə də, direktor barədə düz-əməlli tədbir görülmədiyini deyir:
“Mənə ilin ortası olduğu üçün öz hesabıma bülleten götürməyim məsləhət bilindi. Mən bildirdim ki, öhdəmdə azyaşlı oğlum var, öz hesabıma bülleten götürüb işsiz otura bilmərəm. Məni başqa məktəbə daimi əsaslarla olmasa da, analıq məzuniyyəti yerinə də göndərmələrini xahiş etdim. 307 saylı tam orta məktəbə analıq məzuniyyətinə çıxmış müəllimənin sinfinə təyin olundum”.
Qısa müddət sonra həmin müəllimənin işə qayıtmağı ilə əlaqəli işsiz qalan Qurbanova Mətanət yayda müəllimlərin işə qəbul imtahanında iştirak etsə də, müvafiq balı yığa bilməyib:
“6 il heç bir problem olmadan ibtidai sinif müəllimi işləmişəm. Əvvəl işlədiyim 130 saylı orta məktəbdə və 307 saylı orta məktəbdə məndən narazılıq edən nə valideyn, nə direktor olub. Bir harınlamış məktəb direktoru Nailə Məmmədovaya görə öz işimdən, gücümdən oldum. O cür “reket” direktora heç kim bata bilmirdi və mənim bu gün işsiz qalmağıma səbəb o oldu. Hərçənd, özünü də çıxartdılar məlum pandemiyada ad günü keçirtdiyinə görə... Amma mən şikayət etdiyim vaxtlarda həmin məktəbdə rüşvət baş alıb gedir, dərs saatları pulla satılırdı. Heç bir tədbir görülmədi. Mən sadə bir müəllimi ya işdən çıxmağımı, ya da öz hesabıma bülleten götürüb növbəti ili gözləməyimi məsləhət gördülər”.
Qeyd: “Tehsil.biz” redaksiyasına daxil olan iddialara münasibət bildirmək istəyən şəxslərin fikirlərini yayımlamağa hazırıq!