Logo

ADMİU-da “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

28.10.2022 13:17 287 baxış
IMG

Oktyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, “Şuşa İli” çərçivəsində təşkil edilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq beynəlxalq konfransının keçirilməsinin rəhbərlik etdiyi ali məktəb üçün önəmini vurğulayıb. Rektor bildirib ki, 2023-cü ildə ADMİU özünün 100 illik yubileyini qeyd edəcək. Bununla bağlı bir sıra tədbirlər keçiriləcək və bu konfrans da onların arasında önəmli yer tutur. Mədəni irsin qorunması ölkəmizdə humanitar sahədə olan vacib məsələlərdən biridir. Azərbaycan qədim mədəni irsə malik olan ölkədir və bu irsin qorunması dövlətimizin siyasətinin ayrılmaz tərkib hissəsidir.

C.Mahmudova bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edib: “Bizim tarixi abidələrimiz qorunur, onların ən vacib və mühüm olanları UNESCO-da tanınır, qeyri-maddi mədəni beynəlxalq irs siyahılarında yer alır. Dünyanın hər bir yerində abidələrimiz haqqında müxtəlif formalarda tanıtım tədbirləri keçirilir. Bizim də ali məktəb kimi borcumuz bu sahədə gələcəkdə fəaliyyət göstərəcək tələbələri yetişdirməkdir”.

Rektor konfransa müxtəlif xarici ölkələrdən alimlərin də onlayn qatılaraq müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklərini bildirib.

Konfransda Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Türk Dünyası Akademiyasının prezidenti Mehmet Yüce və digər çıxış edənlər konfransın çox aktual və əhəmiyyətli mövzuya həsr olunduğunu söyləyib, işinə uğurlar arzulayıblar.

Beynəlxalq konfrans işini “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında yerli və xarici alimlərin mövzu ilə bağlı məruzələri dinlənilib.

Xəbər lenti