Logo

Mən qocalıb getdim - Allahşükürün şeirləri

28.10.2022 19:16 353 baxış
IMG

Kulis.az Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.

Vermədilər

Ağladı, güldü...
Gəldi, gördü...
Və sevdi,
Bilmədilər, görmədilər.

Dağa verdi öz adını,
Salıb getdi qanadını.
İgidin kəhər atını,
Minmədilər, sürmədilər.

Bulaqlarda qaldı sözü,
Cığırlarda bitdi izi.
Qoşulub qaçan qızı,
Onun kimi sevmədilər.

Dünyanı sevən kişi,
Dünyanın dərdindən ölən kişi,
Dünyanı sənə vermədilər.

Qalıb

Payız keçib buradan,
Yolunda yarpaq qalıb.
Bu ağacın başında,
Bircə yarpaq sağ qalıb.

Bir quş hələ budaqda,
Civildəyir sazaqda.
Stolumda bu haqda,
Ağappaq varaq qalıb.

Sinəm dönübdü saca,
Bilmir dərd hara qaça?
Baharın bu ağaca,
Yolu bir barmaq qalıb.

Bitir, bir az dincələk

Qəribə çağa gəldik,
Dərd yığa- yığa gəldik,
Darıxa – darıxa gəldik,
Otur, bir az dincələk.

Adına səhər deyirəm,
Nə gəldi əzbər deyirəm,
Səndən çiçək istəyirəm,
Gətir, bir az dincələk.

Aldın başdan ağılı,
Başda dünya dağılır.
Sevgi haqda nağılı,
Bitir, bir az dincələk.

Oyuncağım üçün

Əllərim üzüləndə göydən,
Bir çiçək ləçəyindəki şehdən yapışıb,
Bir çiçək üzündən əsən mehə ayılıram.

Uşaq bağçasında əsən uşaq səsinə,
Ya da onun addımlarının yerlə oxunuşuna,
Əllərinin sevdiyi əşyalara toxunuşuna
Mən də böyüyürəm.

Gülməyin mənə,
Mən hələ böyüməmişəm.
Böyüməmişəm,
Əsgərlərin əl-ələ tutuşub
Nəğmə oxumağına.
Böyüməmişəm, tankların
Sobalarda əridilib
Uşaq oyuncaqlarına çevrilməyinə.

Mən hələ də uşaq qalmışam,
Tankın tırtılında gedən
Oyuncağım üçün...

Qapı açaram işığa

Divara qurban olum,
Sirr yaşayır daşında.
Bir vaxt türmə divarıydı,
Müşfiq var yaddaşında.

Divarın o üzündə,
Adam gəzir gün işığı.
Bir çiçək boy atıbdı,
Boynunda sarmaşığı.

Suvağının altında,
Gizli şeirlər yazılıb.
Şipşirin arzuların,
Qəbri divarda qazılıb.

Əlimi sürtdüm divara,
Döndüm qərib aşığa.
Dırnağımla qazaram,
Qapı açaram işığa.
Skamyalar

Skamyalar üşüyür,
Üşüyür üstündəki cızıqlar.
Nələr eşitmədilər,
Nələr görmədilər,
Bu yazıqlar... yazıqlar...

Əlləri yox, çağıra,
Dilləri yox, səsləyə,
Ayaqları yox, yeriyə,
Bir adam da əyləşmir,
Heç olmasa, kiriyə...

Üstündəki hərflər
Kimin dilindən düşüb.
Adlar da düz oxunmur
Hərfləri sürüşüb.

Əhd eləyən cütlüklər,
Ayrılanda hardasa,
Skamyalar ölərlər,
Ölə-ölə gülərlər...
Bax o kənardakına,
Skamyadan sallanan
Bir ayaqdı, bir əsa.

Məsələn

Məsələn, deyirəm,
Biz ölsək, yəni ayrılsaq,
Harda görüşə bilərik –
Bir-birimizi nədən tanıyarıq?

Məsələn, bizim adımız
Nə olar onda.
Sən məni tanımazsan
Mən səni tanıyanda.
Məsələn, sən dayanmazsan
Mən dayananda.
Məsələn, sən doğulmazsan,
Mən doğulanda.

Ayrılıq nə güclüdür,
Uzaqda dayanma,
Məsələn, hələ yatma,
Hələ oyanma.


Məni bağışla

Yadına gəlir,
Mənim gözlərimin rəngi
On il bundan öncə necəydi?
Yadına gəlirsə - məni bağışla.

Əllərin əlimi unutmayıbsa,
Məni ürəyinə
Əlin xatırladırsa -
Yenə məni bağışla.

Deyirlər əllər
Yazdığı məktubu unuda bilmir.
Nə qədər üzüklər taxılsa ona,
Üzüklər barmağı aldada bilmir,
Üzük ürəyini əzirsə - məni bağışla.

Mən qocalıb getdim,
Mənə əlvida,
Hələ də gözlərin bağçada
Məni gəzirsə - məni bağışla.

Mən qocalıb getdim,
Getdim ki, yenidən gəlim,
Xahiş eləyirəm,
Sən məni sevmə,
O dünyada da,
Mən səni tanıya bilim.

Quşlar və mən

Quşlar darıxdığından
Uçdular,
Mən də darıxdım,
Şeir yazdım...

Quşlar qanadlarıyla
Göyü təmizlədi,
Mən də sevdim,
Qəlbimin
Aynasını sildim.

Quşlar lələklərini saldılar,
Mən də kitab çap elədim,
Sən oxuyasan deyə.

Quşlar yuva qurdular,
Mən də yuvalarının altında
Dərin bir nəfəs aldım,
Sən dincələsən deyə.

Səhərisi quşlar görünmədi,
Və mən də öldüm,
Məni axtarasan deyə.

Xəbər lenti