Oktyabrın 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının təşkilatçılığı ilə “Sənaye mühəndisliyi” ixtisasının I kurs tələbələri Mingəçevir Sənaye Parkında (MSP) fəaliyyət göstərən “Mingəçevir Tekstil” MMC-yə ekskursiya ediblər.
Tehsil.biz xəbər verir ki, tələbələri universitetin bir qrup akademik heyət üzvü və müəssisənin müvafiq əməkdaşları müşayiət ediblər.
Universitet-sənaye işbirliyi çərçivəsində təşkil olunan ekskursiyanın məqsədi “Sənaye mühəndisliyi” ixtisası üzrə MDU-ya yeni qəbul olan tələbələri istehsalat mühiti ilə tanış etmək və praktiki olaraq onların dünyagörüşünü inkişaf etdirməkdir.
Ekskursiya zamanı universitet kollektivi “Mingəçevir Tekstil” MMC-də müasir texnoloji avadanlıqlar, laboratoriya və istehsalat prosesi ilə tanış olublar, müəssisənin fəaliyyət planı, məhsul istehsalı və satışı, işçilərin bilik və bacarıqlarının artırılması üzrə görülən işlər və gələcək planlar barədə məlumat əldə ediblər.
Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq ekskursiyaların təşkilinə xüsusi diqqət yetirilir.