İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün mühazirə keçib.
Akademiyadan bildirilib ki, onlayn keçirilən mühazirə "Bəstəkarlıqda yeni istiqamətlər - 2" ("New directions in composition - 2") mövzusunda olub.
BMA-nın beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova Flodinə mühazirələrin keçirilməsinə görə təşəkkürünü bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.
Mühazirədə BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, Bəstəkarlıq kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, BMA-nın səs mütəxəssisi, bəstəkar Azər Əsgərov və tarix-nəzəriyyə fakültəsinin tələbələri iştirak ediblər.
Qeyd edək ki, bu, bəstəkarın tələbələr üçün ikinci mühazirəsidir. İlk mühazirə ötən ilin sonunda "Bəstəkarlıqda yeni istiqamətlər - 1" ("New directions in composition - 1") mövzusunda təşkil olunmuşdu.