Məlum olduğu kimi, ilk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində coğrafiya birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat – sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat – ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.
Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.
Avropanın bir sıra ölkələrində XVIII əsrin ortası və XIX əsrin birinci yarısında sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir.
İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri, onların təbii – coğrafi şəraitini, təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişlər. Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqaları tanımaq, onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplaması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi. İnsanların sayının artması, müxtəlif ərazilərdə yaşayan tayfaların birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. Şumer, Misir, Yunanıstan, Roma, Çin və Hindistanda dövlətlərin yaranması daha uzaq ərazilərin öyrənilməsinə marağı artırdı.
Uzaq ərazilərə ilk səyahətlər qədim misirlilərə məxsusdur. Müxtəlif tikililərdə, daşlar, fil sümüyü və ya papirus üzərində olan və bizə gəlib çatan yazılarda onların hərbi yerləri haqqında məlumatlar vardır. Bu məlumatlarda göstərilir ki, onlar eramızdan əvvəl Suveyş körfəzinə çatmış və Sinay yarımadasına keşmişlır. Tutmos Suriyanı keçərək Fərat çayının yuxarı axarına, Xatşepşut dəniz səyahəti zamanı Punt ölkəsinə (indiki Somali yarımadası və Yəmən) çatmışdır.
Firon Nexo Misir-Finikiya donanmasında Qırmızı dəniz boyu cənuba üzərək 3 il ərzində Afrikanın ətrafında dolanaraq geri qayıtmışlar. Bu səyahət barədə qədim yunan alimi Herodot da məlumat vermişdir.
İndiki İran ərazisində qədim dövrlərdə mövcud olmuş Əhəmənilər imperiyası böyük gücə malik idi. Böyük II Kirin hakimiyyəti dövründə İran, Midiya, Lidiya, Kiçik Asiyada olan yunan şəhərləri, Mesopotomiya, o cümlədən Babilistan, Mərkəzi Asiyanın çox hissəsi, Qafqaz onun tabeliyində olmuşdur. I Dara dövründə farslar Pamir yaylası, Fərqanə vadisi, Amudərya çayının yuxarı axarı, Hind çayının sağ sahillərindəki əraziləri tanıyırdılar. I Daranın dövründə olan yürüşlər və zəfər qazandıqları ölkələr haqqında məşhur Bisutun yazıları qalmışdır. Farsların məlumatları əsasında Heradot yazır: "Xəzər daxili su hövzəsidir, heç bir dənizlə əlaqəli deyildir. Onun uzunluğu avarlı gəmidə 15 günlük, eni ən geniş yerdə 8 günlük yoldur".
Finikiya dənizçiləri Aralıq dənizi sahillərini öyrənmiş, ilk dəfə Cəbəlüttariq boğazından Atlantik okeanına çıxmış, Avropa və Afrika sahilboyu ölkələrində olmuşlar. Bəzi məlumatlar finikiyalıların Baltik dənizinə qədər getdiyini, buradan kəhraba apardığını sübut edir. Bundan başqa finikiyalı dənizçilər ilk dəfə ekvatoru kəsib keçmişlər və ilk dəfə də günəşi şimalda görmüşlər.
Qədim hindlilərin coğrafi biliklərinin ilk ümumiləşmiş forması isə onların müqəddəs kitabələrində saxlanır. Hindlilərin ən qədim salnaməsi olan Riqveda kitabında (Himinlərin elmi) poetik formada Sindxu (Hind) çayı və onun qolları təsvir olunur. Müqəddəs himinlər toplusu olan Vedalar kitabında "Bxavana darza" (Dünyanın güzgüsü) adlı hissə dünyanın quruluşunun təsvirinə həsr edilmişdir. Mahabharataın altıncı kitabının "Coğrafiya" bölməsində olan 300 şeirdə okeanlar, dənizlər, dağlar və çayların adı var. Ramayana kitabında bizim eramızdan əvvəl III əsrdə hindlilərə məlum olan Yer kürəsi təsvir olunur.
Tarixi məlumatlara əsasən eramızdan əvvəl Çində ipək parça üzərində yüksək səviyyədə tərtib olunmuş torpaq və poçt yolları və digər xəritələr düzəldilirdi.
Onlardan biri olan "hərbi" xəritədə yollar, çaylar, dağlar, hərbi postlar, siqnal qüllələri, yaşayış yerləri və orada olan evlərin sayı və s. əks olunmuşdur. Xəritələrdə yerlər dəqiqliklə göstərilirdi. Bunun üçün ən mükəmməl alət olan kompasdan istifadə olunması haqqında çin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılar. Bizim eranın III əsrində isə məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü ilə birləşdirilirdi. Hər "li" (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə çevirə bilirdi.
Ceyms Kuk (1728-1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və Magellandan sonra üçüncü çəkilir. C. Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq Kuk ilk dəfə Okeaniuanı dünyaya tanıdanlardan olmuşdur.
Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.
1819-1821-ci illərdə Rusiya dövləti F.F.Bellinshauzen və M.P.Lazaryevin başçılığı ilə naməlum Cənub materikinin axtarışına ekspedisiya göndərir. Onların gəmiləri bu naməlum materikin ətrafına fırlanır, 5 dəfə sahilə xeyli yaxınlaşır və Antarktikanın sularında çoxlu yeni adalar kəşf edir. Ekspedisiyanın Antarktida sahillərinə ilk dəfə yaxınlaşdığı gün – 28 yanvar 1820-ci il onun kəşf olunma tarixi kimi qəbul olunur. Sonralar bir sıra digər ekspedisiyalarda iştirak etmiş F.F.Bellinshauzeni sonuncu böyük dəniz səyyahı adlandırmaq olar. Yerin axırıncı materiki artıq kəşf olunmuşdur.
XIX əsrin sonuna yaxın Yerin qütblərini kəşf etmək uğrunda mübarizə özünün kulminasiya nöqtəsinə çatır. Özü də bu yarışda ön plana elmi maraqlardan daha çox yox, milli və şəxsi nüfuzlar çəkilmişdir. Amerikalı Robert Piri (1856-1920) həyatının 23 ilini Şimal qütbünün öyrənilməsinə həsr etmişdir. Bir neçə ciddi cəhətlərdən sonra Robert Piri nəhayət, 1909-cu ildə tarixdə ilk dəfə olaraq Şimal qütbündə olur.
Cənub qütbünə isə kimin tez çatacağı uğrunda gedən mübarizə faciə ilə nəticələnir.
Norveçli Raul Amundsenin başçılıq etdiyi ekspedisiya itlər qoşulmuş xizəklərlə 1911-ci ilin dekabrında Cənub qütbünə çatır, orada məktub və çadır qoyub geri dönür. At qoşqu heyvanları qoşulmuş xizəklə yola düşən ingilis Robert Skotun (1868-1912) ekspedisiyası bir aydan sonra gəlib cənub qütbünə çatır və burada Norveç bayrağını görür. İngilislər gecikdiklərinə görə mənəvi cəhətdən dərin sarsıntı keçirirlər və geri qayıdarkən yolda həlak olurlar.
Beləliklə, qütblərin kəşfi uğrunda gedən böyük epopeya başa çatır, lakin həmin dövrdə onların elmi cəhətdən öyrənilməsi hələ aparılmırdı. Yalnız sonralar yeni texniki avadanlıqlarla təchiz olunan ekspedisiyalar Arktika və Antarktikanın əsaslı öyrənilməsinə başlayırlar...
Solmaya ƏMİRƏLİYEVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi
texnologiyaları kafedrasının müəllimi