Logo

Azərbaycanlı Şahbanunun saray həyatı - MARAQLI

01.11.2022 12:35 370 baxış
IMG

Tanımadığımız azərbaycanlılar rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs İranın siyasi tarixinin ən məşhur simalarından biridir.

Azərbaycanlı Fərəh Dibadan bəhs edirik.

Fərəh Pəhləvi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin üç arvadından tacı olan (Şahbanu) yeganə qadın idi. VII əsrdə ərəb istilasından bəri İranda tac almış ilk imperatriça idi. İki Sasani imperatriçası — Borandoxt və Azarmedoxt (təqribən 630-cu il) bu titulu özündən əvvəl daşıyan sonuncular idi.

Azərbaycanlı səfirin nəvəsi

Əslən azərbaycanlı olan Fərəh Diba zabit ailəsində doğulub. Ata babası XIX əsrin sonlarında Qacarlar dövlətinin Çar Rusiyasındakı səfiri olub. Fərəh varlı bir ailədən idi, lakin atasının erkən ölümü ailəni Tehrandakı malikanələrini tərk etməyə və qohumlarının evinə köçməyə məcbur etdi. Fərəh Tehran və Parisdə təhsil alıb. Məktəbdə idmana həvəs göstərirdi və basketbol komandasının kapitanı idi. Lakin orta məktəbi bitirdikdən sonra memarlığa başlayıb, Parisdə “Ecole Speciale d'Architecture”də oxuyub.

1959-cu ildə İran səfirliyindəki bir ziyafətdə Fransada təhsil alan iranlı tələbələrdən biri kimi şahla tanış oldu. Şah görüşdən dərhal sonra ona evlilik təklifi etdi. Onların toyu 1959-cu il dekabrın 21-də baş tutdu. Taxtın varisi Rza Pəhləvi 1960-cı il oktyabrın 31-də anadan olub.

Şahın etiraz edə bilmədiyi qadın

Fərəh ali təhsilli qadındır, fars dilindən başqa, Azərbaycan, ingilis və fransız dillərini də bilir. Həmişə dəbli və zərif geyinib. Çoxları onu ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedi ilə müqayisə edirdi. Fəaliyyəti sayəsində İranda bir çox muzey açılıb. Fərəh Mark Rotko və Cekson Pollok kimi sənətkarların sənət dünyasında o qədər də anlaşılmayan rəsmlərini alaraq diqqət çəkmişdi. Bundan əlavə, ölkəsinin rəssamlarının dünyada tanıdılması üçün bir çox layihələr həyata keçirmişdi.

Ərinin yanında güclü nüfuzü olan Fərəh Məhəmməd Rzanın diqqətini ölkəsindəki qadınların vəziyyətinə çevirdi. Tezliklə qadınlar qarderobda gizlətdikləri Avropa paltarlarını geyməyə başladılar, üzlərini və əllərini örtməyi dayandırdılar. Hətta şahbanunun təsiri altında olan şah liberal islahatları o qədər dərinləşdirmək istədi ki, “Playboy” jurnalının İran versiyasının buraxılması həvəsinə belə düşmüşdü. Şübhəsiz Şahbanunun İran hökmdarı üzərində böyük təsirləri vardı, bir sıra əhəmiyyətləri qərarların verilməsində iştirak edə bilirdi.

Şahbanu Bakıda

Fərəh Pəhləvi 1972-ci ildə SSRİ-yə səfəri çərçivəsində Azərbaycana dəvət olundu. Bakıda onun üçün möhtəşəm bir ziyafət təşkil edildi.

Fərəhin göz yaşları

Fərəh və şahın dörd övladı vardı. Qeyd etdiyimiz kimi, o dönəmlərdə taxtın varisi hesab olunan Rza Pəhləvi 1960-cı ildə, Fərəhnaz Pəhləvi isə 1963-cü ildə doğulub. İkinci oğlu Əli Rza Pəhləvi 1966-cı il təvəllüdlüdür. Əli Rza 2011-ci ildə Bostondakı evində ov tüfəngi ilə özünü öldürüb.

Leyla Pəhləvi isə 1970-ci ildə anadan olub. Leyla 2001-ci il iyunun 10-da Londonda bir otel otağında ölü tapıldı. Ölüm səbəbləri dəqiq müəyyən edilməyib, lakin narkotik maddələrin həddindən artıq dozası ehtimal olunur. Şahzadə ömrünün son illərində ağır depressiyadan əziyyət çəkirdi, buna görə də “istirahət etmək” üçün otellərdə otaqlar kirayəyə götürdü. Leyla Pəhləvinin qanında kokain və eroinin qalıqları tapıldı.

Tehran zülmətə boyanır

1970-ci illərdə İranda şəriətin radikal qaydaları yenidən özünü göstərməyə başlamışdı. İnqilab ərəfəsində qadınlar yenidən hicab geyinir, Tehrandakı gecə klublarının rəngargəng işıqları bir-bir sönürdü.

1978-ci ilin əvvəllərində İranda imperiya rejimindən narazılıq özünü daha qabarıq şəkildə göstərməyə başladı. Şahbanu siyasi cəhətdən liberal islahatçı mövqelərinə sadiq qalaraq, ətrafında nüfuzlu ziyalı dairəsini genişləndirdi. Ancaq bu cəhdlər şəriətin zəhmli simasını yumşaltmağa bəs etmədi. Mollalar liberalizmi qılıncdan keçirdi. Ölkədə narazılıq artmaqda davam etdi və bu, sonradan monarxiyaya qarşı kütləvi etirazlara səbəb oldu.

1978-ci ilin sonlarında siyasi vəziyyət kəskin şəkildə pisləşdi. 1979-cu ilin yanvarında iğtişaşlar daha da artdı. Hökumət İranın əksər böyük şəhərlərində hərbi vəziyyət elan etdi. Ölkəni inqilab bürüdü. Şahbanu Fərəh münaqişələri mümkün qədər güc tətbiq etmədən həll etməyə çalışdı — xüsusən də sərtliyi ilə tanınan General Oveysinin hökumət başçısı təyin edilməsinə mane oldu, lakin bu cəhdləri uğursuz oldu.
Sürgündə

1979-cu ilin əvvəllərində Şah Məhəmməd Rza və Şahbanu Fərəh ölkəni tərk etmək qərarına gəldilər. 1979-cu il yanvarın 16-da Tehrandan qalxan təyyarədə uçdular.

Hökmdar və ailəsi Misirə sığındı, sonra Kral II Həsənin dəvəti ilə qısa müddətdə Mərakeşə köçdü. Sürgün illərində dul qalan Fərəh Pəhləvi Amerika hökumətinin dəvəti ilə ABŞ-da məskunlaşdı, indi də orada yaşayır. 2003-cü ildə ”Şahla həyatım” adlı xatirə kitabı beynəlxalq bestseller oldu.

Mənsur Rəğbətoğlu

Xəbər lenti