Logo

Ekspert: “Tələbə kontingenti çox olan təhsil müəssisələri şəhərdən kənara köçürülməlidir"

01.11.2022 15:48 316 baxış
IMG

"Əhalisinin sayının çoxluğuna görə öndə olan ölkələrə nəzər yetirsək, orada sıxlıq müşahidə edə bilmərik Çünki orada planlama düzgün aparılıb və yol infrastrukturu daha da təkmilləşib”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndi deyib.

O qeyd edib ki, təkcə paytaxtın Elmlər Akademiyası ərazisində bir neçə universitet fəaliyyət göstərir:

"Sözügedən universitetlər çox geniş tələbə kontingentinə sahib olan ali təhsil müəssisələridir ki, bunlara Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və s. daxildir. Tələbələrin gündəlik olaraq istər ictimai nəqliyyat vasitələri, yaxud şəxsi avtomobillərindən istifadə etməsi də sıxlığa səbəb olan amillərdəndir”.

Elçin Əfəndi bu halların qarşısının alınması üçün dövlət tərəfindən müvafiq olaraq tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirib:

“Tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi lazımdır. Universitetlərin Abşeron rayonu, eyni zamanda Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya daha yaxın olan ərazilərə köçürülməsi arzuolunandır. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər. Həmçinin xaricdən gəlib Azərbaycanda təhsil alan tələbələr də bu fürsətdən yararlana bilər”.

Ekspert işğaldan azad olunmuş ərazilərdə də universitetlərin yaradılmasının nəzərdə tutulduğunu qeyd edib:

“İşğaldan azad olunan ərazilərdə Qarabağ Universiteti yaradılacaq. Eyni zamanda Qarabağ iqtisadi zonasında yaşayan ermənilər var ki onların Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra Xankəndi Dövlət Universitetinə qəbulunun aparılması da mümkün ola bilər”.

Xəbər lenti