Lənkəran-Astara Regional Təhsil İdarəsi müəllimlərin işə qəbulu üzrə keçirilən ibtidai sinif müəllimliyi ixtisası imtahanında iştirak edərək 85 bal toplayan namizədin müsahibə mərhələsində düzgün qiymətləndirilməməsi ilə bağlı iddialara münasibət bildirib.
İdarədən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir:
"Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir. Vətəndaş yüksək bal toplayaraq vakant yer seçib və müsahibə mərhələsində iştirak hüququ qazanıb. Lakin müsahibə mərhələsində müvafiq keçid balını toplaya bilmədiyinə görə müsahibə mərhələsindən uğur qazanmayib.
Qeyd edək ki, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üzrə uğur qazanmayan namizədlər İnsan Resursları Mərkəzi tərəfindən yaradılan apellyasiyaya müraciət etmək hüququna malikdirlər. Müsahibə mərhələsi üzrə apellyasiyaya müraciət qəbulu haqqında məlumat İnsan Resursları Mərkəzi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sosial şəbəkə hesablarında paylaşılıb.
Əlavə olaraq bildirik ki, müsahibə başa çatdıqdan sonra tutulmayan yerlər yenidən vakant yerlərin seçilməsi mərhələsində namizədlərə təqdim olunur. Müvafiq keçid balı toplayan namizədlər vakant yerlərin seçim mərhələsində iştirak edə bilərlər", - idarənin məlumatında qeyd olunub.