Logo

Yevlaxda “Azərbaycan tarixinin Zəfər salnaməsi” adlı konfrans keçirilib - FOTO

01.11.2022 21:00 420 baxış
IMG

Tehsil.biz xəbər verir ki, konfransda Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Torpaqlarımız düşmən işğalından azad edildi, xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin olundu.

Çıxış edən şəhid atası Fərman Kazımov Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətindən, onun rəhbərliyi ilə müzəffər Ordumuzun müharibədəki misilsiz şücaətindən bəhs edib. Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanmasını, 30 il düşmən işğalı altında qalmış torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirib.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək bildirib ki, çoxmilyonlu Azərbaycan xalqının lideri kimi Prezident, Partiyanın Sədri İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırıb. Vətən müharibəsində qazanılan hərbi-siyasi Zəfərdən sonra vaxtilə İosif Stalin, Serqo Orconikidze və Anastas Mikoyan kimi radikal millətçi bolşeviklərin məkrli diktəsi ilə Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış muxtariyyət statusu da artıq tarixin arxivinə gedib. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı və xalqımızın hər il qürur hissi ilə qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə Şöbəsinin müdiri Natiq Əfəndiyev, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və Vətən müharibəsi qazisi Yusif Kərimov çıxış edərək, Zəfər tariximizdən və bu zəfərin əldə olunmasından, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində döyüş meydanındakı qəhrəmanlığından geniş bəhs ediblər.

Tədbirdə Yevlax mədəniyyət işçilərinin ifasında möhtəşəm Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xəbər lenti