Tarixən bütün dünya xalqlarında ziyalılar, fikir adamları, maarifçi insanlar hərəkətverici və yönəldici qüvvəyə malik olublar.
Cəmiyyətdə gələcəyə gedən yola işıq saçan ziyalılar xalq, vətən və dövlət üçün taleyüklü məsələlərin həllində müstəsna rol oynayıblar. Onların elmləri yaranan və yarana biləcək təhlükələri aradan qaldırmaq gücünə malik olub.
Azərbaycan xalqının dəyərli ziyalı-alimi, şairə, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova məhz yuxarıda sadalanan yüksək insani, elmi və mənəvi keyfiyyətlərə malik, gələcəyə gedən yola işıq saçan ziyalılardandır.
Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Xalxal kəndinə köçdükdən sonra 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmuşdur.
Mahirə Hüseynovanın bu vəzifədəki məhsuldar fəaliyyəti nəticəsində ADPU-nun Beynəlxalq əlaqələrində yeni mərhələnin əsası qoyuldu. ADPU-nun xarici dövlətlərin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq şəraitində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində apardığı mühüm islahatlarda Mahirə Hüseynovanın xüsusi xidmətləri var.
Bundan başqa işıqlı ziyalının ərsəyə gətirdiyi əsərlər Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda yetişməsinə böyük təsir göstərir. Onun vətənpərvərlik mövzusundakı şeirləri insanın mənəviyyatına toxunaraq oraya vətənpərvərlik toxumları səpir.
VƏTƏN
Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizində,
Sənə məhəbbətim, Vətən, bitmədi.
* * *
Əlimin qabarı, alnımın təri,
Köksünə atdığım bircə dən olsun.
Canımı verərəm səndən ötəri,
Ruhum sağlığınnan xətircəm olsun.
* * *
Qan axan yarana gözüm yaşını
Dərman əvəziydi, səpələdim mən.
Bu da bir sınaqdı, əymə başını,
Sınıq əhvalına dözə bilmirəm.
* * *
Ana harayımı eşidir hamı,
Qadınlar, qızlar da bir ərə dönər.
Oğullar seçəcək dost-düşmanını,
Hər biri uğrunda səngərə dönər.
* * *
Düşmən tapdağında qalmaz bir qarış,
Onlarsız yaşamaq olar dan bizə.
Danış, ötənlərdən bizə sən danış,
Əmrini verəcək Komandan bizə!
Şairənin vətən mövzusunda yazdığı bu şeir onun mənən və ruhən vətənə bağlılığının bariz nümunəsidir. Mən dəyərli ziyalı-alimimiz, vətənpərvər şairə Mahirə Hüseynovaya uzun ömür can sağlığı, xoşbəxtlik və şərəfli işində uğurlar arzulayıram.
Anar Salehoğlu
ADPU-nun tələbəsi, ictimai fəal