Logo

"UNEC-də bütün zəruri imkanlar effektiv şəkildə təmin olunur" - MÜSAHİBƏ

02.11.2022 14:14 407 baxış
IMG

Mavriki vətəndaşı Əkbər Mohammed Oveis İslam Əməkdaşlıq Təşkilatına və “Qoşulmama Hərəkatı”na üzv olan dövlətlərin təhsil qrantı hesabına UNEC-də təhsil alır.

Tehsil.biz xəbər verir ki, o, Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kursunda “Biznesin idarəedilməsi” ixtisası üzrə təhsil alır.

Əkbər Mohammed Oveisin müsahibəsini təqdim edirik:

- Əkbər, ali təhsil almaq üçün Azərbaycanı və UNEC-i seçməyinizin səbəbini bilmək istərdik.

- Əsas səbəb burada Təhsil Nazirliyinin əcnəbi tələbələr üçün təklif etdiyi təqaüd proqramları oldu. Təqaüd proqramı olmadan mənim Azərbaycanda ali təhsil almağım sadəcə xəyal olaraq qalacaqdı. Ümumiyyətlə, mənim fərqli ölkələrə, onların mədəniyyəti, xalqı ilə tanış olmağa sonsuz marağım var. Azərbaycan haqqında da araşdırmalar apardım, xalqı, iqtisadi durumu, təhsili barədə müsbət fikirlər əldə etdim.

O ki, qaldı universitet seçimimə, “Biznesin idarə edilməsi” ixtisasına hər zaman marağım olub. UNEC-də həmin ixtisas üzrə təhsil imkanının olması seçimimdə ilkin rol oynadı. Təbii ki, yalnız ixtisas deyil, UNEC-dəki tədrisin keyfiyyəti, təhsil aldığım fakültənin ölkədə ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən nüfuzlu olması, xüsusilə də dünyanın nüfuzlu universitetləri ilə mübadilə proqramları daha çox diqqətimi cəlb etdiyi üçün məhz UNEC-i seçdim.

- Seçiminizdən razısınızmı?

- Həm tədrisin keyfiyyəti, həm də tələbələrin maraqlarının daima ön planda tutulması baxımından doğru seçim etdiyimi düşünürəm. Müəllimlər dərsdən sonra da başa düşmədiklərimi izah edir, əlavə suallarımız olarsa, cavablandırırlar. İnkişaf və mükəmməllik üçün daima oxumalı və çalışmalıyam. Bu istiqamətdə UNEC-də bütün zəruri imkanlar effektiv şəkildə təmin olunur.

- Mübadilə və ya ikili diplom proqramlarında iştirak etmisinizmi?

- UNEC-in Fransanın Montpellier Universiteti ilə olan ikili diplom proqramında iştirak etdim. Bu, mənim üçün çox böyük şans idi. Əfsuslar olsun ki, Montpellier Universitetində təhsil almağım pandemiya dövrünə təsadüf etdi. Fransada bütün məktəb və universitetlər bağlandı. Dərslərin bir çoxu onlayn, bəziləri isə ənənəvi keçilirdi. Buna baxmayaraq, Montpellierdəki təhsil mənim üçün böyük təcrübə oldu. Dərslər demək olar ki, praktiki biliklər üzərindən qurulmuşdu və keyslərdən istifadə olunurdu. Orada psixoloji-iqtisadiyyat fənni daha çox marağıma səbəb olmuşdu. Həmin fəndə hansı düşüncə ilə daha çox pul qazanmağın yollarını, gələcəkdə hansı sahələrə tələbin daha çox artacağını, maddi gəlirinin yüksək olacağını öyrədirdilər. UNEC-də dəsrlər əsasən nəzəriyyə üzərindən tədris olunur, istərdim ki, praktikaya daha çox üstünlük verilsin. Ümumiyyətlə isə, UNEC-in ikili diplomla bağlı tələbələr üçün yaratdığı şans mükəmməldi. Məzun olduqdan sonra gələcək karyeramda önəmli rol oynayacağından əminəm.

- Əcnəbi tələbələr üçün yaradılan şərait necədir?

- UNEC-də əcnəbi tələbələr daim diqqət mərkəzindədirlər. İstər miqrasiya ilə bağlı məsələlərdə, istərsə də yaşam şəraitimizlə mütəmadi olaraq maraqlanırlar, hər hansı çətinliyimiz olarsa, qısa zamanda həll olunması üçün dəstək göstərilir. Bu, bizim üçün çox önəmlidir, özümüzü yad ölkədə hiss etmirik. Hətta pandemiyanın ən sərt qapanma vaxtlarında belə sağlamlığımızla, zəruri ehtiyaclarımızla bağlı Beynəlxalq əməkdaşlıq departamentindən Afət xanım bizimlə sıx əlaqə saxlayırdı. Vaksinasiya məsələsində də köməklik göstərildi.

- UNEC-lə bağlı hansısa təklifiniz varmi?

- UNEC təhsil almaq üçün mükəmməl universitetdir. Mən xarici tələbələr üçün dərnəklərin yaradılmasını istəyərdim. Orda əylənərdik, müzakirələr aparardıq, futbol, voleybol kimi oyunlar oynayardıq. Tələbəlik həyatımız daha da maraqlı olardı. Doğrudur, UNEC-də 11 tələbə təşkilatı var, ancaq biz əcnəbi tələbələr əsasən ingilisdilli olduğumuz üçün sosial tədbirlərə çox qatıla bilmirik, dil problemi olur, tələbələrlə anlaşmaqda çətinlik çəkirik.

- Magistratura təhsilinizi harada almağı düşünürsünüz?

- Magistratura təhsili almağı düşünürəm. UNEC-də magistratura pilləsində ABŞ, İsveç, Latviya, Fransa və digər ölkələrlə ikili diploma olduğu üçün, magistr təhsilimi də UNEC-də almaq şansımı dəyərləndirməyi düşünürəm.

- Universitetdə ən çox sevdiyiniz müəllim hansıdır?

- Sevdiyim müəllimlər çoxdur, seçim edə bilmirəm (gülür). Ən çox sevdiyim müəllim isə Paşa Quluzadədir.

 - Dostların varmı? Onlar arasında azərbaycanlı olanları var?

- Yataqxanada qalanda özümə çoxlu dost qazanmışdım. Onların çoxu Nigeriya, Birləşmiş Ərəb Əmirliyindən idi. Hazırda UNEC-lə yanaşı, ADNSU, ADA-dan olan dostlarım var.

- Azərbaycanın milli bayramlarından hansını tanıyırsan?

Artıq Azərbaycanda 4 ildir ki, yaşayıram və bütün bayramları bilirəm. Ancaq ən çox sevdiyim Novruz bayramıdır. Hətta tonqalın üstündən atlayanda yıxılmışdım da (gülür).

- Bəs Azərbaycan dilində danışa bilirsənmi?

- 4 ildə bir çox sözləri öyrənmişəm, hansısa ünvanı soruşa bilirəm, marketdə azərbaycan dilində fikrimi rahatlıqla çatdırıb, alış-veriş edirəm. Ən çox sevdiyim isə “Əla” sözüdür.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

Xəbər lenti