Lerik rayonun Loda kəndində iki il əvvəl tikilən modul tipli məktəb hələ də istifadəyə verilmir.
"Tehsil.biz"in məlumatına görə, buna səbəb tikintini aparan şirkətlə subpodratçı arasında maliyyə mübahisəsinin olmasıdır.
Bunun da nəticəsi olaraq kənddə yaşayan uşaqlar təhsillərini köhnə və uçuq məktəbdə davam etdirməli olurlar.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, mövcud problem Regional Təhsil İdarəsi ilə bağlı deyil, tikintini aparan podratçı şirkətlə əlaqəlidir.
"Biz hazırda həmin məktəbi təhvil almaq mərhələsindəyik.
Qeyd üçün bildiririk ki, hazırda cari il üçün məktəbdə 9 şagird təhsil alacaq. Məktəbdə iki texniki və iki pedaqoji işçi çalışır", - idarədən bildirib.