Prezident İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Fransanın tarixi keçmişi üzərinə xüsusi vurğu etməsi və bu cəsarətli bəyanatın geniş rezonans doğurması heç də təsadüfi deyildi.
Çünki məhz Fransa özünün əsl kimliyini, Əlcəzair soyqırımının müəllifi olmasını unudaraq heç bir çərçivəyə sığmayan ermənipərəst siyasət yürütməkdə davam edir. Erməni lobbisinin tam təsiri altında olan Fransa prezidenti Emmanuel Makron özünü ermənilərin rəhbəri kimi apararaq tarixi gerçəklikləri təhrif etməkdə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə göz yummaqda, Azərbaycana qarşı heç bir beynəlxalq hüquqa söykənməyən çıxışlar etməkdədir. Təbii ki, Makronun ifrat ermənipərəstliyinin bəlli və aydın səbəbləri var. Bu sırada ermənilərlə fransızların oxşar işğalçılıq, soyqırım siyasətinə malik olmalarını da vurğulamaq mümkündür. Vaxtilə Fransanın Əlcəzairdə apardığı siyasəti Ermənistan Qarabağda davam etdirərək insanlğa xas olmayan cinayətlər törədib. Fransanın Azərbaycana yönəlik, bütün əndazələri aşan davranışlarının, qondarma erməni soyqırımının təbliğatçısına çevrilməsinin kökü həm də buradan qaynaqlanır.
Keçmişindən utanmayan Fransa qondarma erməni soyqırımına həqiqət donu geyindirmək üçün dəridən-qabıqdan çıxan ölkələr arasında da ilk yerdə qərarlaşıb. Tarixi gerçəkliklər isə tamam başqadır. Əlcəzair soyqırımı Fransanın alnındakı gizlədilməsi mümkün olmayan qara ləkədir. Məhz fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Bu gün Əlcəzairin “1,5 milyon şəhid ölkəsi” adlandırılması Fransanın yaratdığı acı reallıq, tarixdə az-az bənzəri tapılan insanlıq faciəsidir. Bütövlükdə 10 milyona yaxın əlcəzairlinin Fransanın müstəmləkəçilik dövrünün qurbanı olması, öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törətməsi gerçək tarixdir. Fransa isə ermənilərin olmayan uydurma tarixi içərisində eşələnib, gah Türkiyəyə, gah da Azərbaycana qarşı yalanlarla süslənmiş siyasət yürütməkdədir.
Fransa tarixin üzünə dik baxsa, orada qondarma erməni soyqırımını yox, özünün törətdiyi əsl soyqırımları görəcək. Görəcək ki, 1832-ci ildə Əlcəzairin işğal edilməsinə qarşı çıxan El-Uffia qəbiləsini gecə yatdığı yerdə qılıncdan keçirən özü idi. 1961-ci ilin oktyabrında Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxan on minlərlə əlcəzairlini atəşə tutan, etirazçıları Sena çayına atan, nəticədə 1500-ə qədər əlcəzairlini qətlə yetirən Fransa polisi idi. Paris muzeylərində bu ölkənin müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyünü nümayiş etdirən Fransadır (həmin sümüklərin 500-nün əlcəzairlilərə məxsus olduğu bildirilir).
Fransa öz tarixi keçmişinə, müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməyib, bu xalqlardan üzr istəməyib. Belə bir kirli keçmişə sahib Fransa Azərbaycanı ittiham etmək haqqını çoxdan itirib. Azərbaycan Fransa kimi soyqırım törətməyib, başqa ölkələrin torpaqlarını işğal etməyib. Azərbaycan haqq savaşına qalxaraq öz tarixi torpaqlarına geri dönüb. Bu tarixi torpaqlarımızı bütün dünya Azərbaycan ərazisi kimi tanıyıb.
Əlcəzairə səfəri zamanı Prezident İlham Əliyev həm də əsas fəlsəfəsini kolonializmə qarşı mübarizənin təşkil etdiyi Qoşulmama Hərəkatının sədri statusunda Fransa və onun cərgəsində yer alan ölkələrin əsl simasını ortaya qoydu. Böyük cəsarətlə Fransanın soyqırım törətdiyi bir ölkənin paytaxtında tarixi həqiqətləri bəyan etdi. Və Fransanın hazırda da davam etdirməyə cəhd göstərdiyi siyasətə öz münasibətini bildirdi: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.
Onu da qeyd etmək vacibdir ki, Prezident İlham Əliyev məhz 1 noyabr İnqilab Günündə Əlcəzairə səfər edib. Əlcəzair Milli Mücahidin muzeyini ziyarət edən Prezident xatirə kitabında öz ürək sözlərini bölüşüb.
Reallıq budur ki, 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində Fransa anti-Azərbaycan və ermənipərəst siyasətinə zərrə qədər də ara verməyib. Tam əksinə Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarının ardınca Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul etməyə hazırlaşdığı məlumdur. Açıq-aydın Fransanın neokolonialist siyasətinin artıq Cənubi Qafqaza ayaq açmağa çalışdığını görməkdəyik. Belə bir vaxtda Prezident İlham Əliyevin Əlcəzairdən kolonial siyasətə, Fransa kolonializminə öz qəti münasibəti və aydın mesajları ilə cavab verməsi təkcə Azərbaycanda deyil, Əlcəzairdə və mötəbər Ərəb Dövlətləri Liqasının üzvü olan dövlətlər tərəfindən də rəğbətlə qarşılanıb.
Beləliklə, Prezident İlham Əliyevin simasında Azərbaycanın müxtəlif siyasi qütblər, güc mərkəzləri ilə bərabərhüquqlu əlaqələr quran, öz prinsipial siyasəti ilə böyük etimad qazanan, müasir dövrün çağırışlarına adekvat cavab verən ölkəyə çevrildiyinin bir daha şahidi olduq. Bu, Prezidentin yürütdüyü düşünülmüş, qətiyyətli siyasət sayəsində mümkün olub. Əlcəzairə səfər bu həqiqətləri növbəti dəfə sərgilədi. Azərbaycan Liderinin BMT Baş Katibi, Afrika İttifaqının sədri va İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə birlikdə Ərəb Dövlətləri Liqasının Sammitində iştirakı ölkəmizə, onun Prezidentinə olan hörmətin, beynəlxalq aləmdə artmaqda olan böyük nüfuzunun göstəricisi idi.
Elman Babayev
Əməkdar jurnalist