Logo

Emin Sabitoğlu – 85

02.11.2022 16:03 543 baxış
IMG

Görkəmli bəstəkar, 500-dən artıq mahnının müəllifi, çoxsaylı Azərbaycan filmlərinin musiqi yazarı, Xalq artisti Emin Sabitoğlunun yubileyidir, yaşasaydı 85 yaşını qeyd edəcəkdi.

Onun yaradıcılığının əsas hissəsini mahnı janrı təşkil edir. O da təsadüfi deyil ki, bəstəkar sözlə musiqinin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini – “Çiçək yağışı”, “Uzaq, yaşıl ada”, “İnsaf da yaxşı şeydir”, “Ah dedim”, “Dərələr”, “Ağ çiçək”, “Sahildə”, “Gilavar”, “Dərələr”, “Mavidir”, “Kəpənək”, “Bakı sabahın xeyir!”, “Bəlkə də”…  və s. yaradıb.

1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru kimi fəaliyyət başlayan gəncin ilk uğurlarının bünövrəsi də elə həmin illərə təsadüf edir. Gənc bəstəkar sonralar Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bədii rəhbər vəzifəsində çalışır, 1961-2000-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərir.

İlk dəfə 1970-ci ildə “Bizim Cəbiş müəllim” bədii filminə musiqi  bəstələyən Emin Sabitoğlunun qazandığı ilk uğur, sonralar onun kinodakı bəstəkarlıq işinə böyük təkan verib. “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “Istintaq”, “Bağlı qapı”, “Qaçaq Nəbi”, “Bəyin oğurlanması”, “Təhminə” kimi dəyərli sənət nümunələrinə yazdığı əsərlər, hazırda da sevərək dinlədiyimiz musiqi parçaıları sırasında yer alıb.

Yeri gəlmişkən, Emin Sabitoğlunun kinoda daha çox əməkdaşlıq etdiyi rejissorlardan biri də görkəmli kinorejissor Rasim Ocaqovdur. Bəstəkar demək olar ki, onun bütün quruluş verdiyi filmlərə musiqi yazıb. Ümumiyyətlə isə onun kinoda Həsən Seyidbəyli, Tofiq Tağızadə, Arif Babayev, Şamil Mahmudbəyov, Rasim Ocaqov, Ceyhun Mirzəyevlə,  teatrda isə Tofiq Kazımovla olan əməkdaşlığı nəticəsində milli kinomuz və teatr səhnəmiz üçün ən dəyərli nümunələr yaranıb.

Bəstəkarın peşəkar yaradıcılığı 40-a yaxın filmə uzunömürlü ekran həyatı bəxş edib. Həmin ekran əsərlərində obrazların xarakterisikası məhz onun emosional ruhlu musiqiləri vasitəsilə daha dərindən başa düşülür. Əslində bəstəkarın filmlərin əvvəlində səslənən musiqiləri filmin ideya-bədii məğzini açır. Hadisələrə tamaşaçının daha çox ürəkdən təmas etməsinə, daxilən obrazlarla ünsiyyət qurmasına təkan verir. Hətta fim bitsə belə, musiqinin ahəngi tamaşçıları uzun müddət öz təsirində saxlayır.

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

Xəbər lenti