Noyabrın 2-də görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun (1937-2000) anadan olmasının 85 ili tamam olur.
Tehsil.biz xəbər verir ki, bu münasibətlə II Fəxri xiyabanda bəstəkarın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Mərasimdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) pedaqoji kollektivi, mədəniyyət və incəsənət nümayəndələri, bəstəkarın ailə üzvləri və digər qonaqlar iştirak edirdilər.
Jurnalistlərə müsahibə verən bəstəkarın qızı, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd etdi ki, Emin Sabitoğlu xalqına, vətəninə bağlı insan idi: “Mən bilirəm ki, onun musiqisini sevərək dinləyənlər çoxdur. Emin Sabitoğlu cismən bizimlə olmasa da, onun yaradıcılığı xalqımız tərəfindən sevilir. Hər bir bəstəkar üçün yəqin ki, bu ən böyük qiymətdir”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev Emin Sabitoğlunun müasir Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açıb. Dedi ki, onun əsərləri hər zaman insanlar tərəfindən böyük zövqlə, sevgi ilə dinlənilib, qəbul edilib. Azərbaycan musiqi mədəniyyətində Emin Sabitoğlunun özünəməxsus yeri, imzası var. Vəfatından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, onun əsərləri əbədi yaşayacaq”.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev vurğulayıb ki, Emin Sabitoğlu elə bəstəkarlardandır ki, musiqiçilərimizin bir neçə nəsli onun əsərlərindən ilham alıb, daha sonra tanınıb, məşhurlaşıb: “Mən elə bir musiqiçi tanımıram ki, onun repertuarında Emin Sabitoğlunun mahnısı olmasın. Bu mahnıların hər birinin ilk notlarını eşidəndə bilirsən ki, bu əsərlər Emin Sabitoğlu dünyasının məhsuludur. Musiqili Teatr, demək olar ki, Emin müəllimin ikinci evi olub. Biz uzun illərdən sonra istəyirik ki, Emin Sabitoğlunun “Hicran” komediyasını səhnələşdirək”.
Xalq artistləri Zamiq Əliyev, Brilliant Dadaşova, Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Əməkdar artist Nüşabə Ələsgərli və başqaları görkəmli bəstəkarın bənzərsiz yaradıcılığından söz açıblar.
Sonda bəstəkarın qızı, professor Ceyran Mahmudova çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Xatırladaq ki, Emin Sabit Rəhman oğlu Mahmudov 2 noyabr 1937-ci ildə Bakıda anadan olub. 1954-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin sinfinə keçirilib.
Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir və Naxçıvan teatrlarının tamaşalarına musiqilər yazıb. Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.