Noyabrın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda “2023/2024-cü tədris ilinin tələbə qəbulu proqnozu layihəsi”, “Tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsi vəziyyəti”, “MDU-da tədrisin keyfiyyətinin mövcud vəziyyəti” və “MDU-da İnformasiya texnologiyaları sahəsində fəaliyyət” haqqında hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla hesabatlar qəbul olunub.
İclasda universitetin akademik heyət üzvlərinin həmmüəlliflik etdikləri dərs vəsaitinin nəşr olunması haqqında Elmi-Metodik Şuranın təklifi müzakirəyə çıxarılıb və qəbul edilib.
Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda çıxış edən Elmi Şuranın üzvləri bu yaxınlarda MDU rektorunun Beynəlxalq Universitetlər Assosiasiyasının İdarə Heyətinin üzvü seçilməsi münasibətilə təbriklərini çatdırıblar. Azərbaycanın belə bir nüfuzlu qlobal ali təhsil təşkilatının idarə edilməsində ilk dəfə olaraq təmsil olunduğunu vurğulayan Şura üzvləri beynəlxalq əməkdaşlıqda geniş imkanlar qazandıran bu hadisəni ölkə və universitet adına uğur kimi dəyərləndiriblər.
Sonra, MDU-da yeni fəaliyyətə başlayan Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin Texnoloji fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə dosenti Sinan Toklu Şura üzvlərinə təqdim edilib. Bildirilib ki, qonaq alim MDU-da informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi ixtisasları üzrə təhsil və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə töhfə vermək məqsədilə dəvət olunub.
Elmi Şuranın iclası gündəlikdə duran digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.