O, həmişə tək asqırardı. Elə ucadan və ürəkdən asqırardı ki, elə bil, göy guruldayır, ildırım çaxır, ya da meteoritdən-zaddan bir şey qəfildən yerə düşür. Hələ onun asqırmağa hazırlığını görəydiniz!
Asqırmamışdan öncə, sanki daha güclü asqırmaq üçün hazırlaşardı. Bir-iki dəfə tələsik nəfəs alar, sonra da beyni burnundan töküləcək gücdə asqırardı. Hündür boya, enli gövdəyə, çox da yekə olmayan qarına sahib olan bu nəhəng adamın burun deşiklərinin iri olması heç də onun işgüzarlığından xəbər vermirdi. Amma asqırdığı zaman burnunun yekə deşikləri işinə çox yarayırdı. Bir də burnunda danışması onun xarakterindən az-çox nəsə deyirdi.
Hər dəfə asqıranda hasar qonşuları Bayramqulu kişiyə ucadan: "Sağlam ol", - deyərdilər. Amma bu tək səbir qonşu Məhəmmədi çox əsəbiləşdirirdi. Ondan başqa heç kim bu asqırıqdan narahat olmurdu. Əksinə, hər zaman məclislərin söz-söhbəti, uşaqların yamsılama obyekti idi. Bayramqulu, adətən, ya sübh tezdən, ya da axşamlar asqırardı. Məhəmməd kişi də işə sübhdən gedəndə həmişə çalışırdı ki, bu tək səbirin sədaları altında işə yollanmaqdan canını qurtarsın. Amma son yeddi ildə bu asqırıq səsini eşitmədiyi səhər çox az olmuşdu. Elə bil Bayramqulu onu güdürdü. Məhəmməd kişi Bayramqulugilin qapısına çatanda hava guruldayar, qara yağış Məhəmməd kişinin başına tökülərdi. Hər işini xalq inanclarına söykənərək edən Məhəmməd kişi "tək səbir", "qara pişik", "qarşına çıxan pis adam" kimi inanclara çox dəyər verirdi. Hərdən özü ilə tək qalanda düşünürdü ki, neçə ildir övladı olmur. Bunun da səbəbi, çox güman ki, səhər duranda, axşam yatanda Bayramqulunun asqırmasıdır. Bir neçə dəfə sınamışdı ki, Bayramqulunun asqırığını eşitmədiyi gün işləri yaxşı gedir. Bir sözlə, cana gəlmişdi Bayramqulunun bu bədxəbər asqırığından. "Tək Allahın adıdır", - deyib hər dəfə deyinə-deyinə gedib-gəlirdi.
İş orasındadır ki, o bir dəfə də olsun Bayramqulu kişini asqıran zaman üzbəüz görməmişdi. Amma həmişə də ürəyində: "Öz başını yeyəsən, bir gün elə bu asqırmaqdan öləcəksən", - deyərdi.
Bayramqulu həmin Bayramqulu idi ki, o boyda pambıq zavodunun direktorunu diz üstə çökdürmüş, qisasını almışdı. Bu hadisədən sonra bütün rayon ondan çəkinər, rəsmi idarələrdə heç kim ona gözün üstə qaşın var deyə bilməzdi. Hadisə isə belə olmuşdu...
...Bir gün pambıq zavodunun direktoru Niyazi müəllim zavodun məsul şəxslərini yığıb çox ciddi bir məsələ barəsində onların razılıqlarını aldı. O zaman Bayramqulu zavodun mühasibi işləyirdi; Niyazi müəllimin də, demək olar ki, sağ əli idi. Bütün əyri işləri bir yerdə edər, qazandıqları pulları birgə bölüşərdilər.
Bir gün Niyazi müəllim iki müavini və Bayramquluya üç yüz min manatlıq sənəd imzalatdırdı. Bu o sənəd idi ki, onunla balansda olan böyük məbləğdə pullar silinirdi. Bunun müqabilində Niyazi müəllim Bayramquluya iyirmi min manat pul verəcəkdi. Pula həris olan Bayramqulu da tərəddüd eləmədən bir günün içində qazana biləcəyi məbləğdən vaz keçmədi. Bütün həngamə də elə bundan sonra başladı. Hər şey bitəndən sonra pulun bölüşdürülməsinə gəldikdə Niyazi müəllim cığallıq etdi. Sənədə qol çəkənlərə vəd edilən məbləği on dəfə azaltdı. İyirmi min manat əvəzinə Bayramquluya iki min manat təklif etdi.
- Sən nə danışırsan, mən bütün həyatımı, arvadımı, iki oğlumu təhlükəyə atmışam, indi deyirsən, qəpik-quruşa razı olum? Yoox, yoldaş Niyazi müəllim, bu mümkün deyil, - deyib etiraz etdi.
- Bayramqulu, artıq hər şey bitib; istəsəm, sənin özünü də içəri basdıraram, ancaq indiyə qədər kəsdiyimiz çörəyə hayıfım gəlir. Al bu pulu, dinməz-söyləməz xərclə. Olmasa nə edəcəksən, həə? Kimə sübut edə bilərsən ki bunu? - ironiya ilə dedi və öz dediklərinə heyranlıq və əminliklə güldü.
Bayramqulunun təpəsindən tüstü çıxırdı. Necə yəni "nə edə bilərsən?". Axı o, indiyə qədər heç vaxt haqqını kiməsə yedirməmişdi. Bu haqq haram yolla qazanılsa da, onunku idi. Neçə kolxoz sədri ilə işləmişdi, hamısından da öz payını artıqlaması ilə almışdı. Şamaxıda işlədiyi zamanlarda neçə-neçə kolxozçuya mükafat yazdırmışdı. Üzüm lafetlərinə yarıdan çox su, torpaq tökməyi belə bəzən işçilərə öyrədib, onların mükafatına və əməllərinə şərik olmuşdu. İndi isə Niyazi müəllim ona fırıldaq gəlmək istəyirdi.
- Niyazi müəllim, biz söz danışmışıq, siz də mənə verdiyiniz sözə əməl edin. Yoxsa pis olar.
Niyazi müəllim kreslosuna yayxanaraq ucadan güldü. Sonra da ciddiləşib ona tərəf əyilərək pıçıltı ilə:
- İndi deyirsən, gedib camaata xəbər verəcəksən ki, biz dövlətin puluna göz dikmişik, malını oğurlamışıq, sənədləri "fiktivni" düzəltmişik? Ay bədbəxt, elə bilirsən döşünə medal taxacaqlar? Yoxsa bunu eşitsələr, kimsə sənə inanacaq? Özün bilərsən, ya pulu götür, ya da əlindən gələni beş qazana çək! Sənə bundan artıq verə bilmərəm, xərcim çox çıxıb.
- Yoldaş Niyazi, o pulun on qatını səndən alacağam. Necə olur-olsun. Bunu qulağında sırğa elə. Sən hələ məni tanımırsan. Canın sağ olsun, Bayramqulunun kim olduğunu tanıtdıraram sənə, - deyib otağına keçdi.
Elə ordaca hadisəni öz maraqları naminə kağıza yazdı. On surət çıxarıb, müxtəlif rəsmi orqanlara göndərdi.
Hər gün məktublarına nə cavab gələcəyini gözləyirdi. Bir axşam yazdıqlarına cavab gəldi. Amma məktub şəklində yox, KQB işçiləri şəklində.
Gecə ilə Bayramqulunun qolunu qandallayıb apardılar. Kiçik bir məhkəmə edib, anonim məktublar yazmaqda günahlandıraraq, iki il iş verdilər. Bayramqulu yaxşı bilirdi ki, məsələnin gerçək tərəfi Mərkəzi Komitəyə çatdırılmayıb. Bunu Niyazinin əlaltı və qarındaşları eləmişdi.
Bayramqulu qələmdən istifadə etməyi hamıdan yaxşı bacaran adam idi. Onunla "baş da kəsməyi, yaş da kəsməyi" bacarırdı. Yazdığı ərizələr daşdan keçərdi. İnandırma qabiliyyəti, əlində olan faktlardan məharətlə istifadə etmək onunçün su içmək kimi bir şey idi. Elə həbsxanada da gününü bu mirzəliklə məşğul olmaqla keçirmişdi. Qeyri-rəsmi olaraq dustaqlara vəkillik, mirzəlik edirdi. Öz işi qalsın bir tərəfə, neçə-neçə dustağın işini yüngülləşdirmiş, haqsız həbs edilənləri buraxdırmışdı. Bunu sadəcə onlar üçün yazdığı məktubları ünvanına göndərməsi ilə bacara bilmişdi. Bunun da müqabilində azadlıqdakından daha çox qazanmışdı. Hətta o pullarla evlərinə televizor, soyuducu almışdı. Bu bir yana, hər ay pul da göndərirdi.
Amma öz işini də boş buraxmamışdı. Bir neçə ay keçəndən sonra yanına gələn qayınına bir neçə məktub verib, təcili Moskvaya uçmasını və məktubları yazdığı ünvanlara çatdırmasını istəmişdi.
Fəaliyyətinin nəticəsini bir neçə ayın içində görmüşdü. Heç ili tamam olmamış Moskvadan göstəriş gəlmiş, Bayramqulunun "üzərindən" həbs qərarını götürmüşdülər. Bu xəbər rayonu bir-birinə vurmuş, Bayramqulunun "hörməti" birə-beş artmışdı. Təcili olaraq Raykom katibi də onu qəbul etmiş, bu rayonda istədiyi işi ona verməyə hazır olduğunu bildirmişdi. Təki qələmini rayonun xeyrinə işlətsin.
Bayramqulu hər şeyi başa düşürdü. Ona görə də ilk olaraq rayon mərkəzində ev tikmək üçün torpaq istəmiş və almışdı. Sonrakı müddətdə isə heç bir işlə məşğul olmamış, camaatın işini düzüb-qoşmaqla güzəranını keçirmişdi.
Beləcə, birini polisdən qurtarıb, birinin təqaüdə çıxmasına kömək edib günlərini yola salırdı. Daha nəsə yazmağa da ehtiyac yox idi. Neçə müddət idi ki, qələm üçün çalışan Bayramqulu indi qələminin "barını" yeyirdi.
Bir gün rayon mərkəzindəki çayxanalardan birində oturub nərd oynayırdı. Bu dəm Niyazi müəllim çayçıya gəldi. Ortaq dostlar aradakı nifaqın azalması üçün onları bir araya gətirdilər. Amma söhbətləri yenə düz gəlmədi. Niyazi ironiya ilə:
- Necə oldu? Bir il yaman dincəldin ha! Sözümə qulaq asmadın, qarşılığını da aldın, - deyib, qəlibləşmiş müdir gülüşü ilə qələbə çalıbmış kimi güldü.
Bu tənəli sözlər camaatın yanında Bayramqulunu yaman tutdu. Ayağa duraraq ucadan dedi:
- Qoy hamı eşitsin, əgər mən səndən iki yüz min almasam, soyadımı dəyişib sənin soyadını - Məmmədovu götürəcəyəm.
Bu sözü o qədər əminliklə dedi ki, Niyazi belə diksindi. Özünü o yerə qoymasa da, gözlərində qorxunu rahatlıqla hiss etmək olurdu. Bəlkə də, onun iki yüz mini olmasa idi, belə qorxmazdı. Fikri artıq özündə deyildi. Canına vəlvələ düşmüşdü. Oğurluqla topladığı və hamıdan gizlətdiyi pulları qorxmasına səbəb olmuşdu. Amma özünü sındırmadı. Sadəcə: Görərik - deyib çayxanadan çıxdı.
Bu söhbətdən bir xeyli keçmişdi. Bəlkə də, Niyazi Bayramqulunun verdiyi vədi unutmuşdu. Amma Bayramqulu ov güdən timsah kimi qisas almaq üçün fürsət gözləyirdi. Bayramqulunun üstün xasiyyətlərindən biri də çox səbirli olması idi. Bütün işlərini təmkinlə, tükünü belə tərpətmədən edərdi. Hətta ən ağır günlərdə də hər şeyin yaxşı olacağı inamını əldən verməz, gözləyər, əldə etdiyini iştahla, ağız dadı ilə yeyərdi. Çünki bilirdi ki, həyatın nəbzini tuta bilməyənlər bu zövqü ala bilmirlər.
Bayramqulu bir gün axşam fikirli-fikirli rayon univermağının yanı ilə evinə doğru gedirdi. Birdən gördü ki, Niyazi müəllimin "Volqa"sı univermağın şüşə qapısını sındırıb, maşının faralarından biri içəri girib. Niyazi müəllim isə başını maşının sükanına söykəyərək yatıb. Heç tələsmədən astaca yaxınlaşdı, onun başını qaldırdı. Niyazi müəllimin ağzından gələn arağın üfunəti onu vurdu. Bu iyi duyan Bayramqulunun üzündə təbəssüm yarandı. Sanki həyatın qoxusunu duymaq istəyirmiş kimi, bir də ona tərəf yaxınlaşdı:
- Həəə, Niyazi müəllim, indi nə deyirsən? - deyə pıçıldadı.
Sonra o tərəf-bu tərəfə baxıb, ehmalca sınmış qapıdan univermağa girdi. Bir-iki top parçanı maşının salonuna atdı. Sonra da univermağın qabağındakı telefona jeton salaraq polisə zəng etdi:
- Tez olun, univermağın qabağına polis göndərin; oğru girib, saxlaya bilmirəm.
Dəstəyi asandan sonra Niyazi müəllimi oyatmağa başladı. Niyazi müəllim qarşısındakının kim olduğunu belə tanımayacaq qədər dəm idi. Bayramqulu məqsədinə çatmaq üçün onun univermağın qapısına qədər gəlməsinə kömək etdi. Sonra da içəriyə keçən kimi onu yerə yıxdı.
Artıq hər şey bitmişdi. Vəziyyətdən belə bəlli olurdu ki, o boyda Niyazi müəllim univermağı yarmaq istəmişdi, söz ustası, gözündən heç nə yayınmayan Bayramqulu isə hadisənin tək şahidi idi. Özü də univermağı yarmaq istəyən Niyazi müəllimi saxlaya bilməyən Bayramqulu onu vurub yerə sərmiş, oğurluğun qarşısını almışdı.
Sonra necə oldusa, Bayramqulu şahidlik ərizəsini dəyişdi, Niyazi müəllimi də cərimə edərək azad buraxdılar. Bu hadisə camaat arasında Bayramqulunun ikinci qələbəsi kimi dəyərləndirilirdi. Hamı deyirdi ki, Bayramqulu ərizəni geri götürmək üçün Niyazi müəllimdən iki balon qızıl alıb. Amma Bayramqulu bu haqda heç kimə heç nə demədi, heç arvadına da.
Arvadı Bayramqulunu yaxşı tanıdığı üçün Niyazini elə-belə buraxmadığını yaxşı bilirdi. Amma kişinin pulları hara qoymasından xəbəri yox idi.
"İki balon qızıl" əhvalatı isə sadəcə dillərdə əfsanə kimi qaldı. Bayramqulu bu mövzuda heç nə danışmır, bu mövzulardakı zarafatı yaxın belə buraxmırdı.
Artıq Bayramqulunun oğlanları böyümüş, Moskvada oxumuş, hərəsi bir iş sahibi olmuşdular. Uşaqlar oxuduqları müddətdə atalarının "zəhmətkeşliyi" nəticəsində heç bir korluq çəkməmiş, ailə quran kimi də ataları onlara növbəsiz filansız ev aldırmışdı.
Bir axşam yemək zamanı Bayramqulu arvadına: "Bəlkə bir gedək Moskvaya, uşaqları görək, bir az onlarla qalıb istirahət edək? Nə düşünürsən, arvad?", - dedi. Leyla xanımın ürəyindən olan bu təklifə sadəcə bir cavabı ola bilərdi: "Əlbəttə".
Beləcə, ayın-oyundan götürüb, uzunmüddətli səfərə çıxdılar. Bu səfər bir aydan çox çəkdi. Rayondan "evinizə oğru girib" teleqramı gəlməsə idi, hələ bir neçə ay da qalacaqdılar. Oğlanları təcili bilet aldılar və onlar da ataları ilə birgə rayona qayıtdılar. Həyətə girəndə bütün ailə hələ də atasının iki balon qızılı hara qoyduğunu düşünür, atasının ilk olaraq hara baxacağını gözləyirdilər. Bayramqulu gözucu zirzəmiyə baxdı, sonra diqqət çəkmədən yuxarıya qalxdı, kostyumlarının cibini axtardı: "Elə bir şey götürməyiblər, sadəcə cibimdən iki min manat götürüblər", - dedi. Sonra üzünü onlarla birgə evə gələn "uçaskovı"ya tutdu: "Sabaha qədər iki min manatı tapıb gətirməsən, yenicə tumurcuqlanmaqda olan poqonlarından möhkəm yapış".
Ailə artıq iki balon qızılın, doğrudan da, bir dedi-qodu olduğuna inanmışdı.
Hər şey yat-yut olandan sonra Bayramqulu axşam xəlvətcə zirzəmiyə endi. Neçə illər bundan qabaq basdırdığı "ölü"nün "diri"liyini yoxlamaq istəyirdi. Nə qədər qazsa da, daşın altından bir şey çıxmadı. Bunu görən o boyda Bayramqulu "vayyyy, sizin nəslinizə lənət!", - deyib dizi üstə çökdü. Səsə yığılan ailə tələsik çölə çıxıb Bayramqulunu axtardılar. Zirzəminin işığının yandığını gördükdə içəri girdilər. Bayramqulunun qazılmış çalanın yanında dizi üstə çökdüyünü görən ailə üzvləri bir anlıq duruxsalar da, Leyla arvadın ucadan şaqqanaq çəkərək gülməsi vəziyyəti dəyişdi.
- Ay ata, ha dedik belə bir şey varsa, bizə də de, yaxşı bir yerdə gizlədək. Görürsən nə etdin, - deyə böyük oğlu Zaur gileyləndi.
Amma Leyla arvadın da, Bayramqulu kişinin də ətini kəssən, xəbərləri olmazdı; Bayramqulunun əsəbdən, Leylanın isə gülməkdən. Bayramqulu artıq səbir və təmkinini itirmişdi:
- Mən bura qoymuşdum, iki balon idi. Yarısını sizi oxumağa göndərəndə götürmüşdüm. Baxın, bu daşın altında olmalı idi. İndi heç nə yoxdur. O alçaqlar götürüblər, yəqin. Heç cibimdə də iki min pul yox idi. "Uçaskovı"nı qorxudaraq aldım ondan. O yazıq da, yəqin, qorxusundan borc-zad alıb gətirib. Haram mənə düşmür, deyəsən. Gərək harama əl atmayaydım. Gülmə, Leyla, gülmə. Biz batdıq. Bundan sonra mən ölərəm, - deyə deyinirdi ki, qəfil gələn tək səbir sözünü ağzında qoydu. Öz səbirinə güvənən, tək səbirin ona uğur gətirdiyini düşünən Bayramqulu bu dəfə buna önəm vermədi. Çünki artıq gec idi. Bu səbir sadəcə onu susdurmuşdu. Əlini dizlərinin üstünə qoyub, gözlərini çalaya dikdi. Birdən Leyla gülməyini saxlayıb, ciddiləşdi.
- A kişi, əminsən ki, orda gizlətmişdin? Axı Fatma xalanın iti hərdən bizim zirzəmiyə girirdi, bəlkə, daşın yeri dəyişib.
Bunu eşidən kişinin gözlərinə işıq gəldi. Bu, son ümid idi. İnanmaq istəyi ona bu fikrin həqiqət olduğunu söyləyirdi. Oğlanları ilə birgə bütün zirzəmini qazdılar və nəhayət, balon yarım qızılı tapdılar.
Bayramqulu artıq həmin Bayramqulu idi. Özünə olan güvəni, inamı, bacarıq və qabiliyyəti ilə bağlı duyduğu qürur hissi, özünə vurğunluğu geri qayıtmışdı. Yenə də gözləri işıldayırdı. Əvvəlki kimi ailədəki hakimiyyəti əlinə almışdı. Öz bildiyinin və etdiyinin ən düz əməl olduğuna əmin idi.
"Başına gələn başmaqçı olar", - deyirlər. Bayramqulu əlində olan bütün qızılları istiqraza - uduşlu pula çevirib, Əmanət kassasına yatızdırdı. Pulları əmin əldə olduğu üçün gecələr elə rahat, elə mışıl-mışıl yatdı ki, heç yediyi haramların səsini belə eşitmədi.
Zaman keçdi, milli oyanış oldu, xalqlar öz azadlığı üçün ayağa qalxdılar. SSRİ tərkibində olan ölkələr öz müqəddəratını həll etdilər və yeni siyasi quruluş başladı. Bunun üçün də bütün maliyyə sistemi dəyişdi. Banklar bağlandı, inflyasiya yarandı və beləcə, xalq dili ilə desək, "zayomlar öldü".
Bayramqulu o "zayom"ları özünün əsgərlikdən gətirdiyi kiçik çamadanında saxlayırdı. Bu çamadan onun üçün o qədər əziz və doğma idi ki, ondan başqa heç kimin ona əli belə dəyə bilməzdi. İçində də əvvəllər yalnız əsgərlik xatirələrini əks etdirən xüsusi hazırlanmış albom var idisə, sonralar ölkədəki zavod və fabriklərin özəlləşdirilməsi üçün dövlətin verdiyi çeklərlə dolmuşdu. Bir də bu çamadan onun üçün ona görə doğma idi ki, Voronejdə hərbi xidmətdə olduğu zaman sevgilisi olmuş rus qızı Svetlananın şəkilləri də içində idi. Onunla bağlı o qədər şirin xatirələri var idi ki, qiymətli kağızlara baxmaq üçün hər gələndə əvvəlcə o sarışın qıza baxar və mütləq dərindən köks ötürərdi.
Beləcə, aylar, illər ötdü. Bayramqulu qocaldı, amma pullara olan inamı və məhəbbəti qocalmadı. O qiymətli kağızlar qiymətsiz kağıza çevrildi və heç bir işə yaramadı. Amma bununla belə, onun üçün heç bir zaman dəyərini itirmədi. "Bəlkə də qaytardılar", - deyib Sovet hökumətinin geri dönəcəyini və onun "halal" pullarının nə zamansa dəyərə minəcəyini gözlədi.
Bir gün yenə səhər-səhər həyətə çıxmışdı. Günəşin çoxdan doğduğunu görüb, yuxuya qaldığını hiss etdi. Və adəti üzrə yenə asqırmağa hazırlaşdı. Bu asqırmaq da insanın xarakterini açan bir əlamətdir əslində. Asqıranda yanındakıları narahat etməsin deyə, asqırığını içində boğan adamlardan fərqli olaraq, dünyada özündən başqa heç nəyi düşünməyən, ətrafın narahatlığının fərqinə varmayan, daha doğrusu, varmaq istəməyən adamlar kimi Bayramqulu güclü bir leysan yağacağından xəbər verən hava kimi gurladı. Sanki rahatlamışdı. Amma bu dəfə gətirdiyi səbir tək olmadı. O, yenə "yağmağa" hazırlaşdı. Silkələndi. Titrədi və nərə çəkib ikinci dəfə asqırdı. Bu zaman başının gicəlləndiyini hiss etdi. Səndələdi və stola söykənə-söykənə: "Arvad", - dedi. Arvadı gəlincə artıq gec idi. Böyük cüssəli nəhəng adam yerə yıxılmış və ölmüşdü.
Ölümündən sonra onun albomunu arvadı qoruyub saxlasa da, nəvələri kəndə gələndə Bayramqulunun göz bəbəyi kimi əzizlədiyi qiymətli kağızlardan quş düzəldib uçurdur, əylənirdilər.
Şəmil Sadiq