Naxçıvanda təhsil işçiləri iki aydır ki, maaş ala bilmirlər.
Tehsil.biz xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a bir qrup müəllim şikayət edib.
Şikayətçilər deyir ki, maaşlarının gecikdirilməsi ilə bağlı onlara tutarlı səbəb göstərilmir.
Naxçıvan şəhərindəki orta məktəblərin birində müəllim işləyən B.Babayeva deyir ki, ailədə tək gəlir gətirən o olduğundan indi maddi sıxıntı yaşayırlar:
“Həyat yoldaşım ağır xəstədir, bir neçə aydır, ürəyindən əməliyyat olunub. İşləyə bilmir və hazırda da müalicəsi davam etdirilir. Əməliyyata xeyli xərcimiz çıxıb. Borc götürmüşük, indi qaytarmalıyıq. İki aydır ki, maaşımızı da vermirlər. Başqa gəlir yerimiz də yoxdur. Maaş barədə soruşanda da deyirlər ki, “tək sən deyilsən, görürsən ki, heç kimə maaş verilmir. Bir az da səs-küy edəndə deyirlər ki, “xoşun gəlmir ərizəni ver, çıx get, işləmə”. Bunlar üçün bizim heç bir dəyərimiz yoxdur".
Naxçıvanda musiqi məktəblərindən birində işləyən A.Fərzəliyev də iki aydır, maaşlarının verilməməsindən şikayətçidir:
“Sentyabr ayının maaşları yubandı. Bu gün-sabah veriləcək dedilər. Artıq noyabr ayına gəlib çatmışıq. Qarşıdan da qış gəlir. Qışa da tədarük görmək lazımdır. Ərzaq məhsullarının qiymətləri hər gün qalxır. Qiymətlər artır. Başqa gəlir yerimiz yoxdur. Qalmışıq çarəsiz. Tələb edəndə də gözümçıxdıya salıb, təhdid edirlər. Söz-söhbət gəzir ki, Bakıdan ciddi yoxlama var, bitdikdən sonra veriləcək. Gah da deyirlər ki, maliyyə çatışmazlığı var".
Məsələyə münasibət bildirən Naxçıvan Maliyyə Nazirliyi maaşların verilməməsini müvəqqəti maliyyə çətinliyi ilə əlaqələndirib və problemin yaxın günlərdə həll olunacağını bildirilib.